“Sabah” çempionluğa, “Karvan-Yevlax” I Liqaya doğru daha bir addım atdı. Elə “Turan Tovuz”un da avrokuboka vəsiqəni cibinə qoydduğunu demək olar. Dünən qazanılan bir xal “Zirə” üçün vacib qazanc olsa da, itirilmiş xallara görə hələ də “Neftçi”nin 4-cü pilləyə yollanmaq şansı daha çoxdur.
Tovuzlulara istəyinə çatmaq üçün növbəti turda heç-heçə də bəs edəcək. “Zirə” ilə görüşdə hesabı açan, amma qələbəni təmin edə bilməyən qərblilər hətta uduza da bilərdi. Amma qonaqlar xüsusilə oyunun sonundakı üstünlüyü qola çevirməyi bacarmadı. Ümidini həm də kuboka bağlayan Rəşad Sadıqovun yetirmələri sonadək “Neftçi” ilə qiyabi mübarizə aparacaq.
Evdə qələbə qazanmağı bacarmayan “Turan Tovuz” gümüş medalçı olmaq şansını xeyli azaltdı. “Qarabağ”ın qələbə qazandığı turda büdrəyən Kurban Berdıyevin yetirmələri yəqin ki, Konfrans Liqasına vəsiqə ilə kifayətlənməli olacaq.
29-cu turun bağlanış matçının nəticəsi aldadıcıdır. Lider “Sabah” son pillənin sahibi olan “Karvan-Yevlax”ı darmadağın etməliydi. Qonaqların müdafiədə inamlı oynadığını da demək olmaz. Kortəbii müdafiə olunan bölgə təmsilçisi bəxt və qapıçısı sayəsində darmadağından qaçdı. Komanda 10 nəfərlə qaldıqdan sonra bir xala ümidləri də öldü və fasilədən dönən kimi bakılılar üstünlüyünü qollara çevirdi.
Daha sonra gücünü qorumaqla məşğul olan “Sabah” yaxşı məşq etdi. Komanda qələbə seriyasını davam etdirib çempionluq məqsədinə bir az da yaxınlaşdı. Daha bir qələbə ilə qızıl medalları əldə edəcək Valdas Dambrauskasın yetirmələri hətta həftəiçi oynamadan da arzusuna çata bilər. Təxirə salınmış oyunda “Neftçi” “Qarabağ”ı məğlub etsə, son turlar formallığa çevriləcək.
Dünənki məğlubiyyətə rəğmən, “Karvan-Yevlax” hələ də Premyer Liqada qalmaq ümidini qoruyur. Özündən öndəki rəqiblərin qələbəyə həsrət qalması bölgə təmsilçiləri arasında qiyabi mübarizəni aktual edir. Təbii ki, çətin olacaq, amma riyazi baxımdan Füzuli Məmmədovun yetirmələrinin hətta 10-cu pilləyə qalxmaq imkanı da var.
Tur hakim qərarlarının az müzakirə olunması baxımından da önəmli oldu. Turda kifayət qədər gərgin oyunlar olsa da, heç kimin ciddi narazılığı üçün əsas yoxdur. Deməli, xaosun qarşısını alanda, qərəzli hakimlər nəzarətə götürüləndə haqq-ədaləti təmin etmək olur.
FƏRİD






