“Sabah” ilk çempionluğunu meydana çıxmadan reallaşdırdı. Mövsüm boyunca cəmi bir dəfə uduzan bakılılar layiq olduğu qızıl medalları sona 4 tur qalarkən rəsmiləşdirdi.

Dünən 21-ci turdan təxirə alınan oyunda “Qarabağ”ın xal qazanması çempionluq həsrətini bir qədər də uzadacaqdı. “Neftçi” hesabı açanda Masazırda hədəfə erkən çatmağın həyəcanı başladı. Lakin 85-ci dəqiqədə Elvin Bədəlov qapıları səhv salıb ağdamlıların ümidini davam etdirməsinə şərait yaratdı. Oyuna əlavə olunan 2-cü dəqiqədə isə meydan sahibləri növbəti dəfə hesabda önə çıxdı və… Hakimin final fiti səslənəndə “Sabah” xeyli öncədən hazırladığı çempionluq posterini paylaşmaq üçün ENTER düyməsinə basdı.

Maraqlı statistika var. Belə ki, “Qarabağ” “Neftçi”yə məğlub olanda başqası çempion olur. 5 il öncə “ağ-qaralar” son dəqiqələrdə fərqlənib özü qızıl medalları əldə etmişdi. Bu dəfə son saniyələrdə vurulan qol “Sabah”ı sevindirdi. Bu müddətdə baş tutan 18 oyunda isə “Qarabağ” flaqmana şans verməmiş və çempionluqları sıralamışdı.

4 gün öncə 29-cu tur matçında “Neftçi”ni 5:1 hesabı ilə məğlub edən “Qarabağ” dünənki qarşılaşmanın da favoriti sayılırdı. Matç boyunca da ağdamlılar daha üstün oynadı, topa daha çox sahib oldu. Lakin meydan sahibləri səhvlərdən nəticə çıxartmışdı. Müdafiədə daha kompakt, daha etibarlı oynayan bakılılar rəqib hücumçuları zərərsizləşdirə bildi. Yuri Vernidubun heyətdəki dəyişiklikləri də bəhrəsini verdi. Xüsusilə qapıya qayıdan Emil Balayev təcrübəsi lə müdafiə xəttini əla idarə etdi.

Qurban Qurbanov da heyətdə dəyişiklik etmişdi. Zədələr və cəzalar üzündən bir qədər kasad görünən müdafiə xəttində sıxıntılar var idi və bu da əks-hücumlarda ciddi problem yaradırdı. “Neftçi” hesabı məhz bunun sayəsində açdı. Sol cinahda Elvin Cəfərquliyevi layiqincə əvəz edə bilməyən Toral Bayramov cərimə meydançasına ötürmənin qarşısını ala bilmədi, burada isə bəstəboy Emil Səfərov başla öldürücü zərbə vurdu.

Bundan sonra “Qarabağ” təzyiqi artırıb cavab qolunu vurmağı bacardı – bu məqamda bəxt qonaqlara kömək etdi. Hücumları alınmayan ağdamlıların qapıçı meydançasına bir az da kor-koranə ötürməsindən sonra istədiyi oldu, Elvin Bədəlov avtoqola imza atdı. Lakin son dəqiqələrdə aut xətti yaxınlığından cərimə zərbəsi vurmaq hüququ qazanan “Neftçi” eyni nöqtədə tapdığı boşluqdan yararlanıb qələbəsiz oyunlar seriyasını dayandıra bildi.

Eyni meydan, eyni rəqiblər, həmin əla ab-hava… 4 gün öncəki 9500 tamaşaçının sayı bu dəfə 7800-ə düşmüşdü. Buna həm “Neftçi”nin müqavimətsiz təslim olması, həm də dünənki matçın iş gününə düşməsi təsir etmişdi. Fərq bakılıların bu dəfə oyuna daha yaxşı köklənməsində idi. 5:1-dən sonra növbəti qarşılaşmanı daha çətin olacağını deyən Qurban Qurbanov haqlı imiş. Ağdam klubunun oyunçuları asan qələbədən sonra arxayınlaşmışdı, üstəlik, Vernidub da həmin oyunu yaxşı təhlil etmişdi. Nəticədə bu dəfə “Neftçi” qalib gəlib həsrətə son qoydu.

Çempion bəllidir. İndi daha gərgin mübarizə avrokuboka vəsiqələr uğrunda gedəcək. “Sabah” ölkə kubokunu da qazansa, 2-ci pilləyə sahib olmaq daha böyük önəm daşıyacaq. Çünki bu yer Avropa Liqasına vəsiqə verir. Hazırda “Turan Tovuz” 3 xal geri qaldığı “Qarabağ”ı gümüş medaldan da etmək fürsəti qazanıb. Komandaların şəxsi oyunları var, üstəlik son turlarda başqa sürprizlər də ola bilər.

Lakin əsas məsələ 4-cü pillə ilə bağlıdır. “Neftçi” ilə “Zirə”nin 3-cü pilləyə qalxmaq şansı çox cüzidir, bu komandalar qiyabi mübarizə aparmalı olacaq. Vernidubun yetirmələri uzun fasilədən sonra ilk dördlüyə yüksələ bildi. Bir xal geri qalan “Zirə” avrokubok zonasını tərk etsə də, taleyi öz əlindədir. Rəşad Sadıqovun yetirmələri “Neftçi”dən geri qalsa belə, kuboku qazanaraq qitə yarışlarına getmək şansını özündə saxlayır. Amma qəsəbə təmsilçisi çətin ki, ümidini finala bağlasın. Qarşıdakı turlarda komanda qələbə qazanıb “Neftçi”nin büdrəməsin arzulayacaq. Bakılılarsa bu yeri qoruyub finalda “Sabah”a azarkeşlik etmək niyyətindədir.

69f3ab014181c50 - Futbolinfo.az

Vernidub dünənki qələbə sayəsində növbəti mövsümə də “Neftçi”də başlamaq şansını artırdı. Ukraynalı nəhayət, iddialı komandalardan birini məğlub etməyi bacardı. Yekunda hətta avrokuboka vəsiqə qazanılmasa da, bu, indiki baş məşqçinin yox, sələfi Samir Abasovun günahları üzündən olacaq. “Neftçi” mövsümün əvvəlini sabit keçirsəydi, indi taleyi başqalarının əlində olmazdı.

Bu nəticə “Qarabağ”la “Neftçi” arasındakı məlum gərginliyi də unutduracaq. Təbii ki, əbədi rəqabət davam edəcək, lakin oyunun təxitə salınması ilə bağlı narazılıq artıq unudulmalıdır. Ağdamlılar kritik oyundakı məğlubiyyətlə bir növ “Neftçi”yə çətin qrafik vaxtı matçın təxirə salınmasına razılıq verdiyinə görə “təşəkkürünü bildirdi”.

“Sabah” Şamaxı səfəri öncəs çempionluğu rəsmiləşdirməklə son 4 oyunu formallığa çevirdi. Bu isə komandanın rahatlaşması demək olmayacaq. Əvvəla, bakılılar uğurlu seriyanın qırılmasını stəmir və mövsümü böyük xal fərqi ilə qapamaq niyyətindədir. İkincisi, Masazır təmsilçisi ölkə kubokunun finalına əla formada çıxmaq üçün oyun tonusunu yüksək tutmağa çalışacaq.

FƏRİD

Shares: