“Qarabağ” üzərində 2:1 hesablı qələbədən sonra “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Qələbəni necə dəyərləndirirsiniz?

– Çox sevincliyik. Bu qələbə bizim üçün olduqca vacib idi. Arxada gərgin bir həftəsonu qalmışdı. Öz azarkeşlərimiz önündə ağır hesabla məğlub olmaq bizə ciddi təsir etmişdi. Qısa müddətdə komandanı toparlamaq və bu oyuna hazırlaşdırmaq asan deyildi. Amma rəhbərlik, məşqçilər və futbolçular “Neftçi” adına lazım olan reaksiyanı verdilər. İstədiyimiz nəticəni əldə etdik. Komanda sonadək döyüşdü, bu da “Neftçi”nin xarakteridir. Ədalətli oyun çərçivəsində mübarizə apardıq. Əvvəlcə azarkeşlərə təşəkkür edirəm – son dəqiqəyə qədər dəstək oldular. Onların əziyyətini görürük və qiymətləndiririk. Biz bir ailəyik və “Neftçi”ni layiq olduğu yerə birlikdə daşıyacağıq. Avrokuboklara vəsiqə qazanmaq istəyirik və bunun üçün real gücümüz var. Komanda maksimumunu verir və bu ruh təqdirəlayiqdir. Məşqçilər heyətinə də ayrıca təşəkkür düşür, çünki bizi yenidən çempionluq yarışına qaytaran iş görürlər. Bu tempdə davam edib mövsümü istədiyimiz kimi bitirəcəyimizə inanırıq.

– “Qarabağ”a qarşı uzun illərdir davam edən qələbəsizlik seriyası var idi. Bu barədə oyunçularla söhbət olmuşdu? Onlar bundan xəbərdar idilər?

– Bu gün informasiya əldə etmək çox asandır. Futbolçularımız da peşəkardırlar və lazımi məlumatlara sahibdirlər. Xaricdən gələn oyunçular olsa da, “Neftçi”nin nə demək olduğunu yaxşı anlayırlar. Bizim üçün hər qarşılaşma önəmlidir. Güclü rəqibə qarşı oynadıq və layiqli qələbə qazandıq. Bu, sadəcə başlanğıcdır. Klub olaraq böyük bir yenilənmə prosesindəyik və bunun nəticələri zamanla daha aydın görünəcək.

– Son iki ev oyununda tribunalar daha dolu idi. Azarkeş dəstəyinin davamlı olacağını düşünürsünüz?

– Azarkeşlərimizi daim stadionda görmək üçün çalışırıq. Onların reaksiyası bizi sevindirir. “Qarabağ”la oyunda da həftəiçi olmasına baxmayaraq, yaxşı dəstək var idi. Bu, klub üçün çox önəmlidir. İnanıram ki, bu birlik davam edəcək və istədiyimiz nəticələrə birlikdə çatacağıq.

– Kuboku “Zirə” qazansa, “Neftçi” dördüncü yer hesabına avrokuboklara gedə bilməyə bilər…

– Biz avrokuboklara gedəcəyimizə inanırıq və mübarizəni sona qədər aparacağıq. Təbii ki, nəticəni əvvəlcədən demək mümkün deyil. Kubokun kimə gedəcəyini proqnozlaşdırmaq çətindir. Amma prinsipimiz budur ki, haqq edən Avropaya getsin. “Neftçi”nin yeri Avropadır və bu, hər mövsüm üçün keçərlidir. Məqsədimiz Azərbaycanı ən yaxşı şəkildə təmsil edən komanda olmaqdır.

– Vensan Abubakarla bağlı klub daxilində problem olduğu və mövsümün sonunda ayrılıq ola biləcəyi barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?

– Abubakarla bağlı hər hansı problem yoxdur. O, peşəkar futbolçudur. Hazırda zədəsi var. Həkimlərin məlumatına görə, yaxın zamanda sağalacağı gözlənilir.

GÜNAY SÜLEYMANOVA

Shares: