“Sabah”ın yarımmüdafiəçisi Umarali Rahmonaliyevin futbolinfo.az saytına müsahibəsi
- “Sabah”ın ilk çempionluğu haqqında nə deyə bilərsiniz?
- Bu uğur münasibətilə klubumuzu və azarkeşləri təbrik edirəm. Bu komandada oynamaq və onun bir parçası olmaq mənim üçün böyük şərəfdir. “Neftçi”nin 2021-ci ildəki çempionluğunu kənara qoysaq, son 11 ildə Azərbaycan çempionatında “Qarabağ” üstünlük təşkil edirdi. Biz isə özümüzü yaxşı hiss edirik və bu uğura layiq idik.
- “Şamaxı” ilə oyundan (3:0) sonra çempionluğu kifayət qədər təvazökarlıqla qeyd etdiniz…
- Əslində, şüuraltı olaraq bir neçə tur əvvəl buna hazır idik. Sadəcə, rəsmi olaraq çempionluq dəqiqləşmədiyi üçün bunu açıq şəkildə göstərmirdik. İndi isə təvazökar şəkildə qeyd edirik (gülür).
- Bu, ilk çempionluğunuzdur?
- “Rubin”lə 1-ci Liqada (FNL) qazandığım çempionluğu çıxmaq şərtilə, bəli. Elitada ilk dəfədir.
- Özbəkistandan sizə çoxlu zənglər olub?
- Bəli, çox sayda təbrik zəngləri almışam. Keçmiş məşqçilərim, komanda yoldaşlarım, eləcə də ailəm və yaxınlarım məni təbrik etdilər.
- Qarşıdan kubokun finalı gəlir. Bu barədə nə düşünürsünüz?
- Elə buna görə Premyer Liqadakı qələbəni çox da geniş qeyd etmirik (gülür). Qarşıda bizi vacib final gözləyir və ona hazırlaşmalıyıq. Mövsüm bizim üçün həmin oyundan sonra başa çatacaq.
- Qarşıda Çempionlar Liqası matçları var. Həyəcanlısınız?
- Mən indiyədək Çempionlar Liqasında oynamamışam. Hətta seçmə mərhələdə iştirak etmək belə mənim üçün böyük şərəf olar. Yaxşı komandamız, məşqçilər heyətimiz və mühitimiz var. Orada da nəticə qazanmağa çalışacağıq. Hələ tez danışmaq istəmirəm, amma sözümüzü meydanda deməliyik.
CAVAD






