“Bu matçı ikincilik uğrunda həlledici oyun adlandırmaq olar. Qələbə qazanan komanda mövsümün sonunda avrokubok yolunda böyük addım atmış olacaq. Şansları bərabər sayıram. Kimin haqqıdırsa, ölkəmizi Avropa Liqasında o təmsil etsin”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Arqz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının XXX turunda bu gün keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyununda komandaların şanslarını dəyərləndirib:

“Bu görüşü turun mərkəzi oyunu adlandırmaq olar. Matçın hər iki komanda üçün böyük əhəmiyyəti var. Nəzərə alsaq ki, ikinci yer avrokuboklara vəsiqə qazandıra bilər, həm “Qarabağ”, həm də “Turan Tovuz” bu oyunda qələbə üçün oynayacaq. Düşünürəm ki, hər iki komanda açıq oyuna üstünlük verəcək. Komandalarda motivasiyanın aşağı olacağını düşünmürəm. “Qarabağ” ötən tur “Neftçi”ni 5:1 hesabı ilə məğlub etdi. Bir həftə ərzində böyükhesablı qələbə qazanan komandada da motivasiya düşüşünün olma ehtimalı azdır. Hər iki tərəfə uğurlar arzulayıram”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:30-da start götürəcək. Hazırda “Qarabağ” 59 xalla turnir cədvəlinin 2-ci, “Turan Tovuz” isə 56 xalla 3-cü pilləsində qərarlaşıb.

Shares: