“Asim İbrahimovla “Araz-Saatlı” arasında yaranmış mübahisədən sonra tərəflər bir neçə dəfə AFFA tərəfindən danışıqlara dəvət olunub, razılığın əldə olunması üçün bütün imkanlar yaradılıb. Lakin aparılan müzakirələr heç bir nəticə verməyib. Hazırda məsələ hüquq tətbiqedici orqanın qəbul etdiyi qərarların icrası mərhələsindədir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov bildirib.

Qurum rəsmisi “Araz-Saatlı”ya ayrılan maliyyə dəstəyinin dayandırılmasının səbəblərini belə izah edib: “Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarının icra olunmaması ilə bağlı 25 avqust 2025-ci il tarixində “Araz-Saatlı” klubuna rəsmi xəbərdarlıq göndərilib. Lakin bu xəbərdarlıq nəzərə alınmayıb və 16 oktyabr 2025-ci ildə klub 1000 manat məbləğində cərimələnib. Buna baxmayaraq, öhdəliklər hələ də yerinə yetirilməyib. AFFA ilə klub arasında mövcud müqaviləyə əsasən, bu kimi hallarda ayrılan vəsait klubun AFFA, PFL və digər qurumlara olan borclarının ödənilməsinə yönəldilə bilər. Bu mexanizm qəbul olunmuş qərarların faktiki icrasını təmin etmək məqsədi daşıyır. Eyni zamanda, qərarların icrası futbol sistemində intizamın qorunması, oyunçuların və digər tərəflərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əks halda, bu cür hallar sistemli problemlərə və rəqabət mühitinin pozulmasına səbəb ola bilər”.

Axundov bildirib ki, AFFA qərar qəbul edərkən hüquqi müəyyənlik, müqavilə öhdəliklərinə riayət olunması, tərəflərin hüquqlarının qorunması və futbol sistemində sabitliyin təmin edilməsi prinsiplərini əsas götürür: “Qəbul edilmiş qərarların icrası qurum üçün əsas prioritetlərdən biridir. Bu yanaşma futbol mühitində hüquqi intizamın və etimadın qorunmasına xidmət edir. Əks halda, qərarların icra olunmaması mənfi presedentlərin yaranmasına gətirib çıxara bilər”.

O, sonda “Araz-Saatlı”nın UEFA-ya müraciət etmək niyyətinə də münasibət bildirib: “Bu məsələ AFFA ilə klub arasında daxili hüquqi münasibətlər çərçivəsində tənzimlənir və birbaşa UEFA-nın maliyyə mexanizmlərinə aid deyil. Məsələnin beynəlxalq müstəviyə çıxarılması onun hüquqi mahiyyətini dəyişmir. AFFA mövcud qaydalara uyğun olaraq öhdəliklərin icrasını təmin etmək, hüquqi müəyyənliyi qorumaq və tərəflərin hüquqlarını balanslı şəkildə müdafiə etmək mövqeyində qalır”.

GÜNAY SÜLEYMANOVA

Shares: