“Neftçi” Misli Premyer Liqasının XXX turunun bağlanış matçında səfərdə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub edərək avrokuboklara vəsiqə uğrunda mübarizədə daha bir addım atdı.
“Ağ-qaralar”ın malili futbolçusu Falaye Sako oyundan sonra futbolinfo.az saytına müsahibəsində bununla bağlı danışdı. 31 yaşlı müdafiəçi həm komandası, həm də karyerası ilə bağlı sualları cavablandırdı.
– Səfərdə 3 xal qazandığınız qarşılaşma ilə bağlı fikirləriniz…
– Əvvəlcədən çətin olacağını bilirdik. Belə meydançada çıxış etmək asan deyil. Hər görüşə final kimi yanaşırıq və maksimum nəticə qazanmaq bizim üçün çox vacibdir.
– Baş məşqçiniz qeyd etdi ki, “Qarabağ”la oyundan sonra futbolçularda böyük emosiyalar yaranmışdı. Nəzərə alaq ki, hər iki tərəfə xal lazım idi. Bu oyuna necə hazırlaşmışdınız?
– İnanın ki, rəqibin kimliyi və turnir cədvəlindəki mövqeyi bizim üçün fərq etmir. Hər matça eyni ciddiyyətlə hazırlaşırıq. Məşqçi heyəti də bizi bu istiqamətdə hazırlayır, oyunu təhlil edirik. Çünki hər qarşılaşma önəmlidir. Xal itkisi bizə baha başa gələ bilər. Buna görə də yuxarı pillədə qərarlaşan və ya autsayder fərqi qoymadan hamıdan xal almağa çalışırıq.
– Yuri Vernidubun gəlişinə qədər çoxları “Neftçi”nin avrokubok şanslarının bitdiyini düşünürdü. İndi isə komanda Avropaya vəsiqənin bir addımlığındadır. Bunu necə izah edərdiniz?
– Hər məşqçinin öz futbol baxışı var və hamısına hörmətlə yanaşıram. Vernidub gəldi, amma bu o demək deyil ki, ondan əvvəlki məşqçi zəif idi. Eyni heyətlə davam edirik. Sadəcə, Samir Abasovun da dediyi kimi, həmin dövrdə uğur bizdən uzaq idi, işlər istədiyimiz kimi getmirdi və nəticə qazana bilmirdik. Vernidub gəldi, müəyyən dəyişikliklər etdi və “Neftçi” eyni oyunçularla uğur qazandı.
– “Sabah” ölkə kubokunu qazansa, “Neftçi” avrokuboklara vəsiqə qazanmaq şansı əldə edəcək. “Palms Sport Arena”da keçiriləcək final görüşündə kimi dəstəkləyəcəksiniz?
– Final asan olmayacaq. Hər iki tərəf qalib gəlmək istəyəcək. Biz də komanda olaraq “Sabah”ın qələbəsini arzulayırıq ki, mövsümü dördüncü pillədə bitirib Avropaya vəsiqə qazanaq. Bir oyundan ibarət olduğu üçün çox gərgin final izləyəcəyik.
– “Qarabağ” matçından əvvəl baş məşqçi ilə aranızda problem olduğu iddia edilirdi. Bu, nə dərəcədə doğrudur?
– İnanın ki, mənim nə məşqçi ilə, nə də başqa biri ilə problemim var. Bu cür sözlərin haradan çıxdığını bilmirəm. Amma belə bir şey yoxdur.
– Son oyunlarda performansınız diqqət çəkir. Növbəti mövsüm “Neftçi” ilə yola davam edəcəyinizi demək doğru olar?
– Mənim hazırda “Neftçi” ilə müqaviləm var. Gələcəklə bağlı nə olacağını zaman göstərəcək. Hamısı Allahın işidir.
FƏRİD






