“Neftçi”nin sabiq baş məşqçisi, Rumıniya futbolunun əfsanələrindən olan Adrian Mutunun futbolinfo.az saytına müsahibəsi
– “Neftçi”nin oyunlarını izləyirsiniz?
– Bəli, əlbəttə, “Neftçi”nin oyunlarını izləyirəm. Klub, azarkeşlər və oradakı insanlar haqqında hər zaman xoş xatirələrim və böyük hörmətim var.
– Komanda barədə fikirləriniz necədir? “Neftçi” “Qarabağ” üzərində qələbə qazandı və Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparır.
– “Qarabağ”la oyunu izlədim və düşünürəm ki, bu qələbə çox vacib idi. Təkcə nəticəyə görə yox, həm də komandanın meydanda göstərdiyi xarakterə görə. “Qarabağ” həmişə güclü rəqibdir, belə matçlarda qələbə qazanmaq futbolçulara inam, azarkeşlərə isə motivasiya verir.
– Sizcə, “Neftçi”nin şansı necədir?
– Düşünürəm ki, “Neftçi”nin yaxşı şansı var. Amma futbolda uğur həmişə zəhmət, nizam-intizam və düzgün mentalitetlə birlikdə gəlir. “Qarabağ” üzərində qələbə növbəti oyunlar üçün komandaya əlavə özünəinam verə bilər. Avropa turnirləri hər zaman çətin olur. Amma “Neftçi” tarixə, ambisiyaya və böyük təzyiq altında oynamaq təcrübəsinə sahib klubdur. Futbolçular diqqətli qalıb oyundan-oyuna inkişaf etsələr, Konfrans Liqasına vəsiqə qazanarlar.
– Baş məşqçi Yuri Vernidub haqqında məlumatınız var?
– Bəli, onu tanıyıram. Təcrübəli və hörmət olunan məşqçidir. Güclü xarakteri və yaxşı taktiki intizamı var. “Şerif” (Tiraspol) ilə önəmli uğurlar qazanıb və Ukraynada da yaxşı işləyib.
– Dünən isə FIFA “Neftçi”yə futbolçu Alessio Kurçinin sabiq klubuna transfer məbləğini ödəmədiyinə görə transfer qadağası tətbiq etdi. Daha sonra sizin də “Neftçi” ilə probleminiz olduğu və FIFA-ya şikayət etdiyiniz barədə xəbərlər yayıldı. Bu doğrudur, yoxsa “Neftçi” ilə münasibətləriniz yaxşıdır?
– Xəbərlər və FIFA məsələsi barədə deyilənlər doğru deyil. Mənim tərəfimdən “Neftçi” ilə heç bir şəxsi problem yoxdur. Açıq şəkildə demək istəyirəm ki, “Neftçi” klubuna və orada çalışan insanlara hörmətim var. Karyeramın önəmli bir dövrünü orada keçirmişəm və həmin dövrdən xoş münasibətlər və gözəl xatirələr qalıb.
FƏRİD






