Misli Premyer Liqasında mövsümü ikinci pillədə tamamlayacağı dəqiq olan “Qarabağ”ın UEFA Avropa Liqasının ilk iki raundundakı səbəti müəyyənləşib.
Futbolinfo.az saytının məlumatına görə, Ağdam təmsilçisi I təsnifat mərhələsində olduğu kimi, II raundda da səpələnmişlərdə qərarlaşacaq.
Yəni 42,750 əmsala malik Qurban Qurbanovun yetirmələri birinci rəqibini üstələsə, növbəti mərhələdə də güclülərin sırasında yer alacaq. “Qarabağ”ın II təsnifatda bir potensial rəqibi də məlumdur. Belə ki, təmsilçimiz Norveç klubu “Tromso” ilə qarşılaşa bilər.
“Viktoriya” (Çexiya), “Midtyulland” (Danimarka) və PAOK (Yunanıstan) kimi güclü komandalar isə səpələnmişlərdə olacağından, “Qarabağ”a rəqib olmayacaqlar. “Qarabağ”ın ilk iki mərhələ səddini aşacağı təqdirdə III raundda hansı səbətdə qərar tutacağı isə hələlik dəqiqləşməyib. Bu, digər yüksək reytinqli komandaların nəticələrindən asılı olacaq.
Avropa Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Bu raundun oyunları iyulun 23-də və 29-da keçiriləcək.





