“Hər zaman çalışmışam ki, məşqlərdə tam gücümü ortaya qoyum. Mövsüm ərzində çox az vaxt qazandım. “Qarabağ” və “Sabah”a qarşı uzun müddət idi qələbə qazana bilmirdik. Şükürlər olsun ki, bu oyunlarda şans verildi və o şansı dəyərləndirdim. Qələbə qazanaraq məşqçinin etimadını doğrultdum. Mövsüm ərzində 4 oyun oynamışam və bu qarşılaşmalardan maksimum nəticə ilə ayrılmışıq. Buna görə yalnız sevincliyəm. Amma oynasam da, oynamasam da həmişə digər qapıçı yoldaşlarıma dəstək olmuşam”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Emil Balayev söyləyib.

32 yaşlı qolkiper Konfrans Liqasına vəsiqə qazanmaları barədə danışıb: “Mövsüm ərzində çəkdiyimiz əziyyətin qarşılığını alaraq avrokuboklara yollandıq. “Neftçi”nin hədəfi hər zaman yüksəkdir. Klubun adı bunu tələb edir. Biz də buna görə ən yüksək yerlər uğrunda mübarizə aparırıq. Sadəcə, mövsümə uğurlu start götürmədik. Sonradan müəyyən qədər toparlana bildik, ən azından bunu bacardıq. Bu nailiyyətlə dayanmayıb, davamını gətirməyə çalışacağıq. Müəyyən fasilədən sonra qatıldığımız avrokuboklarda əlimizdən gələni maksimum edəcəyik. İnşallah, inanıram ki, qrup mərhələsinə də vəsiqə qazanacağıq”.

Balayev çempionatdakı gedişatı da dəyərləndirib: “Çempionat başlayanda bütün komandalar xal itkilərinin fərqinə o qədər də varmır. Amma sona doğru hər xalin nə qədər önəm daşıdığını görürsən. Buna baxmayaraq, mövsümün əvvəlindən hər oyuna 3 xal qazanmaq üçün çıxmışdıq. Futbolda belə hallar olur. Gözlənilməz yerdə xal itkiləri ilə üzləşirsən. Amma enişlərdən sonra özündə güc tapıb toparlanmaq böyük şeydir. Şükür ki, bizdə də belə anlar oldu. Məğlubiyyətlərdən sonra özümüzdə güc tapdıq. Məsələn, “Qarabağ”a 1:5 hesablı məğlubiyyətdən dərhal sonra psixoloji cəhətdən toparlanıb 2:1 hesablı qələbə qazandıq”.

Son olaraq Emil azarkeşlərə dəstəyinə görə minnətdarlığını ifadə edib: “Azarkeşlərimiz turnir cədvəlinin lideridir. Bu, danılmaz faktdır ki, bizim hansı pillədə olmağımızdan asılı olmayaraq, bütün çətinliklərə rəğmən, hər zaman bizi dəstəkləməyə davam edirlər. Avropaya vəsiqə qazanmağımız onları sevindirdi. İnşallah, bundan sonra da onları sevindirməyə çalışacağıq. Onların dəstəyi bizə xüsusi motivasiya verir”.

GÜNAY SÜLEYMANOVA

Shares: