Misli Premyer Liqasının cari mövsümündə cəmi 4 futbolçu 33 oyunun hamısında iştirak edib.
Futbolinfo.az saytının məlumatına görə, onlardan 3-ü yerli, 1-i əcnəbidir.
Meydanda olduğu dəqiqə sayına görə “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov hamını qabaqlayır. Millimizin üzvü ümumilikdə 2949 dəqiqə meydanda olub və aktivinə 1 qol yazdırıb. Rüfətin bütün matçları əvəzedilmədən keçirməsi üçün cəmi 21 dəqiqəsi çatmayıb.
“Turan Tovuz”da çıxış edən yığmamızın digər oyunçusu Rəhim Sadıxov 33 qarşılaşmada 2086 dəqiqə mübarizə aparıb. Yarımmüdafiəçi aktivinə 2 qol yazdırıb.
“İmişli”nin orta sahə oyunçusu Abbas Ağazadə 33 görüşün hamısında meydanda olsa da, cəmi 1345 dəqiqə komandasına kömək edə bilib. Orta hesabla hər oyuna təxminən 40 dəqiqə düşür. Abbas 1 qol da vurub.
Bütün matçların iştirakçısı olan yeganə legioner “Qəbələ”nin yarımmüdafiəçisi Domi Massumo olub. Konqolu vinger 2654 dəqiqə “qırmızı-qaralar”ın formasını geyinib və 9 dəfə fərqlənib.






