Azərbaycan millisinin hücumçusu Mahir Emreli Malta yığmasına qarşı keçirdikləri yoxlama oyunundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az saytının əməkdaşının da iştirak etdiyi həmin brifinqdəki açıqlamalarla sizi də tanış edirik:
- Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündəki məğlubiyyət (0:2) barədə nə deyə bilərsiniz?
- İlk hissədə oyuna nəzarət edirdik, yaxşı çıxış edirdik. Ümumiyyətlə, baş məşqçinin tapşırıqlarını, xüsusilə də topla davranmaqla bağlı tələblərini yerinə yetirirdik. Hissənin əvvəlində bir az boşluq versək də, sonradan yenidən toparlandıq. Yaradılan imkanlardan istifadə edə bilmədiyimiz üçün məyusuq. Son vaxtlar bir oyunda bu qədər qol epizodu yaratdığımızı xatırlamıram.
- Bu məğlubiyyətin ağır olduğunu qəbul edirsiniz?
- Hər bir məğlubiyyət ağırdır. Xüsusilə də milli komandada oynayırsansa. Klubda oyunlar tez-tez olur və vəziyyəti düzəltmək üçün hər zaman şans yaranır, amma millidə hər şey tam fərqlidir. Ümid edirəm ki, bu məğlubiyyətdən dərs çıxaracağıq və San-Marino ilə oyunda hər şeyi daha yaxşı edəcəyik.
- Demək olarmı ki, növbəti rəqib bu məğlubiyyətin əvəzini çıxmaq üçün yaxşı fürsətdir?
- Bəli, bu, qalib gəlmək və tətilə xoş əhval-ruhiyyə ilə yollanmaq üçün yaxşı şansdır. Qələbə qazanmaq çox vacibdir. Lakin bu, indidən yalnız tətil haqqında düşündüyümüz anlamına gəlmir. Komandanın meydanda maksimum gücü ilə mübarizə apardığını hamı gördü.
- İlk hissədə bir neçə qol vəziyyətiniz oldu. Qol vurmaq istəyiniz aydın hiss olunurdu…
- Əlbəttə. Klubda az oynayıram və ümumiyyətlə, bu, karyeramın ən uğursuz mövsümüdür. Oyun praktikam azdır. Meydanda daha çox qaçmağa çalışırdım, müdafiəyə də kömək edirdim. Fiziki cəhətdən komandaya daha çox fayda verə biləcəyimi hiss edirdim. Boşa verilən imkanları məhz oyun praktikasının olmaması ilə əlaqələndirirəm. Həm klubda, həm də şəxsi həyatımda çətin bir mövsüm oldu. Psixoloji baxımdan çox çətin idi. Azərbaycan millisinə çağırılmağım özümə gəlmək və bərpa olunmaq üçün mənə çox kömək edir; doğma insanların əhatəsində olmaq çox vacibdir.
- “Kayzerslautern”dəki gələcəyinizlə bağlı yekun qərar vermisiniz?
- Əgər belə davam edərsə, bu klubda qalmayacağam. Bunu mətbuata açıqlamasında ilk olaraq komandanın baş məşqçisi bildirdi. Millinin heyətindəki bu oyunlar özümü göstərmək və yaxşı fiziki formada olduğumu sübut etmək üçün mənim üçün çox önəmlidir. Sadəcə, daha çox oyun praktikasına ehtiyacım var. Gələcəyimlə bağlı məsələlərlə menecerim məşğul olur, lakin reallıq budur ki, klubla daha iki illik müqaviləm var. Hazırda gedəcəyimi, yoxsa qalacağımı dəqiq demək çətindir. Bu və ya digər qərarın verilməsi üçün tərəflərin qarşılıqlı razılığı lazımdır.
- Vətənə qayıtmaq barədə fikirlər keçir?
- Bəlkə də ötən mövsüm qayıda bilərdim, lakin belə uğursuz bir mövsümdən sonra bu addımı atmaq istəməzdim. Haqqımda “Alınmadı, ona görə də geri qayıtdı” deyilməsini istəmirəm. Bu gün mən xaricdə qalmaq və orada oynamaq niyyətindəyəm.
Jurnalistlərin Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.






