Dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC döyüşçülərin reytinq cədvəlinin formalaşdırılması qaydalarında dəyişiklik edəcəyini açıqlayıb.
Promouşenin rəsmi məlumatında bildirilib ki, yeni reytinq sistemi əvvəlki yanaşmalardan fərqli olaraq subyektiv fikirlərə və ya döyüşçülərin populyarlıq səviyyəsinə deyil, konkret və ölçülə bilən göstəricilərə əsaslanacaq.
UFC-nin açıqlamasında qeyd olunub ki, yeni model idmançıların oktaqondakı real fəaliyyətini daha dəqiq əks etdirmək məqsədi daşıyır. Sistem döyüşlərin nəticələri, göstərilən performans və digər statistik göstəricilər əsasında formalaşdırılacaq.
Qeyd edək ki, UFC reytinqləri uzun illərdir MMA ictimaiyyətində müzakirə mövzusu olub. Bir çox döyüşçü və ekspert bəzi hallarda reytinqlərin idman nəticələrindən daha çox kommersiya amillərinin təsiri altında formalaşdığını iddia edirdi. Yeni sistemin tətbiqi ilə təşkilatın daha şəffaf və obyektiv reytinq mexanizmi yaratmağa çalışdığı bildirilir.
Hələlik yeni reytinq modelinin bütün detalları açıqlanmasa da, UFC rəhbərliyinin yaxın vaxtlarda sistemin işləmə prinsipləri ilə bağlı əlavə məlumat paylaşacağı gözlənilir.






