Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov fiqurlu konkisürmə üzrə ikiqat olimpiya Yevvgeni Plyuşenko və həyat yoldaşı Yana Rudkovskayanı övladlarının Azərbaycanı təmsil edəcəyinə görə sərt şəkildə tənqid edib.
Qeyd edək ki, 13 yaşlı Aleksandr Plyuşenko may ayında Rusiya Fiqurlu Konkisürmə Federasiyasından azad olunma icazəsi alıb.
Hazırda Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyası tərəfindən rəsmi icazə tələb olunur.
Duma üzvü ailənin bu hərəkətinin yersiz olduğunu söyləyib:
“Yetkinlik yaşına çatmamış Aleksandr hələ seçim hüququna malik deyil, buna görə də vətəndaşlığın dəyişdirilməsi onun valideynlərinin seçimidir. Biz burada uyğunlaşma və kosmopolitizmin bir nümunəsini görürük. Onların özləri üçün müxtəlif ölkələri asanlıqla ‘yaxın’ adlandırdıqları halda vətənə sədaqətdən necə danışmaq olar? Normal rus insanı heç vaxt həyatında öz ölkəsini dəyişməz. Bəli, müvəqqəti olaraq xaricdə yaşamaq olar, amma onların ona pasport düzəltməsi göstərir ki, bu insanlar bizə heç nə deməyə haqqı olmayan insanlardır. Onların əxlaqi keyfiyyətləri çox aşağı səviyyədədir. Rudkovskaya necə ki, əyləncə meneceri idi, elə də qalıb. O, öz ölkəsinə bağlı bir vətəndaş deyil. Heç bir vətənpərvər vətəni sağa-sola bölüşdürə bilməz. Təəssüf ki, Rudkovskaya pop musiqi çevrəsindəki kosmopolit mühitin məhsuludur. Orada insanlar vətənə sədaqətin, şərəfin və cəsarətin nə olduğunu anlamırlar. Onun üçün oğul “dünya vətəndaşı”dır. Bu, “xarici agent” düşüncəsindən nə ilə fərqlənir? Heç nə ilə. Mənim uşaqlarım Rusiya vətəndaşlarıdır və öz ölkələrini sevirlər. Mən 6 uşağın atası kimi deyə bilərəm ki, Rudkovskaya övladı üçün pis nümunədir”.






