Bədavi Hüseynov Azərbaycan millisi tarixində ən çox oyun keçirən futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.

Futbolinfo.az saytının məlumatına görə, kapitan Malta (0:2) və San Marino (2:1) ilə yoldaşlıq görüşlərində meydana çıxmaqla bunu bacarıb.

Macarıstandakı ilk qarşılaşmada start heyətində çıxış edən, San Marino ilə matçda isə son dəqiqələrdə meydana daxil olan 34 yaşlı müdafiəçi yığmadakı ümumi oyun sayını 82-yə çatdırıb. Bununla o, üçüncü sıradakı Aslan Kərimov (80 oyun) və ikinci pillədəki Maksim Medvedevi (81) geridə qoyub.

Hüseynov indi yalnız sabiq komanda yoldaşı Rəşad Sadıqovdan geri qalır. “Zirə”nin hazırkı baş məşqçisi millidə 111 görüşdə iştirak etməklə mütləq rekordçudur.

Qeyd edək ki, Bədavi Hüseynov yığmanın heyətində 1 qol vurub.

Shares: