“Kəpəz” yeni mövsümdə də yerli məşqçiyə güvənəcək. Klub rəhbərliyi bir neçə əcnəbi çalışdırıcı ilə danışıq aparıb sonda serb mütəxəssisin üzərində dayansa da, vəziyyət dəyişib.
Futbolinfo.az xəbər verir ki, Gəncə klubunda rəhbərliyin özünü dəyişiblər. Belədə bu günə qədər qurulan planların hamısı ləğv edilib. Tezliklə təyinatı elan ediləcək yeni klub prezidenti özü ilə Arif Əsədovu gətirir. “Kəpəz”dən ayrılıb “Şamaxı”ya yollanan Azər Bağırovun xələfi məhz milli komandanın sabiq məşqçisi olacaq.
Əsədovun baş məşqçi postuna gəlişi dəqiqləşib. Sadəcə, Arif bəy daha bir neçə məsələnin detallı həllini gözlədiyindən “Kəpəz” təyinatı açıqlamır. Yəqin ki, ən qısa zamanda həm rəhbərlikdəki dəyişikliklər rəsmən açıqlanacaq, həm də Əsədovun ilk dəfə bölgə təmsilçisində çalışması rəsmiləşəcək.
Bu, Əsədovun 11 illik fasilədən sonra Premyer Liqaya dönüşü olacaq. Sabiq müdafiəçi iki fərqli dönəmdə “Neftçi”ni (2010-2011, 2014-2015), 2017-2018 mövsümündə isə “Sabah”ı çalışdırıb. O, debüt ilində əvəzedici komandadan gəlib təhvil aldığı “Neftçi”ni çempion etməyi bacarmışdı. Daha sonra I Divizionda “Sabah”ın ilk baş məşqçisi olan mütəxəssis 2020-ci ildən 2024-cü ilə qədər əsas millidə köməkçi-məşqçi kimi fəaliyyət göstərib.
Vaxtilə U-19 yığmasına da rəhbərlik edən Əsədov iki il əvvəl A millinin “sükanı arxasında” müvəqqəti əvəzedici kimi 4 matç keçirib. Yığmamız həmin qarşılaşmaların 2-də (Qazaxıstan – 3:2, Monqolustan – 1:0) qələbə qazanıb, 1 dəfə (Bolqarıstan – 1:1) heç-heçə edib, 1 dəfə isə (Albaniya – 1:3) məğlub olub.






