Misir millisinin baş məşqçisi Husam Hasan DÇ-2026-nın qrup mərhələsində baş tutan Yeni Zelandiya ilə matçın (3:1) fasiləsində futbolçulardan qətiyyətli olmalarını tələb edib. Mütəxəssis bunu oyundan sonra mətbuat konfransında açıqlayıb.

O, Məhəmməd Salahın çıxışına xüsusi toxunub: “Fasilədə oyunçularıma dedim ki, qalib gəlməyə qətiyyətiniz yoxdursa və azarkeşlərin dəstəyindən qürur duyub özünüzə güvənməyəcəksinizsə, ikinci hissədə heç meydana çıxmayın. Salah meydanda çox ağır iş gördü. Mən onun təhlükəli tərəflərinə, bacarığına və keyfiyyətinə tam uyğun gələn mövqedə oynamasına icazə verən bəlkə də ilk məşqçiyəm. Onun üzərində çox işləmişik və gələcəkdə Salahdan daha çox şey görəcəyimizə əminəm. Bu nəslin öz gələcəyini formalaşdırmasını, yolunu təyin etməsini istədim. Biz həm yerli liqanın, həm də Afrika futbolunun səviyyəsini inkişaf etdirməyə davam etmək istəyirik”.

Baş məşqçi azarkeşlərin sayəsində özlərini Misirdəki kimi hiss etdiklərini vurğulayıb: “Stadion tamamilə dolu idi, sanki Qahirə stadionunda idik. Həm buraya gələn, həm də Misirdə ekran başında gecələyən bütün xalqımızın hisslərini paylaşıram”.

Shares: