Milli Hokkey Liqasının komissarı Qeri Bettmen liqanın Texas ştatında ikinci komandanın yaradılması imkanlarını nəzərdən keçirəcəyini bəyan edib.
Milyarder Den Fridkinin rəhbərlik etdiyi “The Friedkin Group” investisiya şirkətinin iştirakı ilə layihənin məqsədəuyğunluğunu qiymətləndirmək üçün 6 aylıq prosesə start veriləcək. Bu proses çərçivəsində Texas bazarlarından hansının – Hyustonun, yoxsa Ostinin MHL komandasının yaradılması üçün daha uyğun olduğu müəyyənləşdirilməlidir. Bununla belə, hər iki şəhərdə yeni arenanın tikilməsinə ehtiyac var.
Rəhbərlər Şurasının müsbət qərarı olacağı təqdirdə, Fridkin ailəsinin layihəyə qoyacağı ümumi investisiya məbləği təxminən 3,5 milyard dollar təşkil edəcək – bura həm liqaya giriş haqqı, həm də arenanın dəyəri daxildir.
“The Friedkin Group” Avropada İtaliyanın “Roma” və İngiltərənin “Everton” futbol klublarına sahibdir.
Bettmen onu da qeyd edib ki, “Dallas Stars”ın Texasda liqanın Hyuston və ya Ostindən yeni komanda əlavə etməsinə mane ola biləcək hər-hansı hüquqları yoxdur.
Texas təmsilçisi olan ikinci klub MHL-in 33-cü komandası ola bilər. Son 10 ildə liqaya “Veqas” və “Sietl” qoşulub, daha bir yeni klub isə liqadan çıxan “Arizona”nı əvəzləyən “Yuta” olub.






