“Qarabağ”ın yeni transferi Samuel Lobatonun futbolinfo.az saytlna müsahibəsi
– “Qarabağ”a uyğunlaşma necə gedir? Özünü burada necə hiss edirsən?
– Uyğunlaşma çox yaxşı gedir. Komanda yoldaşlarım məni çox səmimi qarşıladılar və bu da yeni mühitə qısa zamanda alışmağıma kömək etdi. Burada özümü rahat hiss edirəm.
– Kluba gəlişinin əsas səbəbi nə idi? Hansı təklif səni daha çox cəlb etdi?
– Məni “Qarabağ”a cəlb edən əsas amil klubun böyüklüyü və həm Azərbaycanda, həm də Avropa yarışlarında ildən-ilə inkişaf etməsidir. Klub daim yüksək hədəflər uğrunda mübarizə aparır və futbolçuların inkişafı üçün çox yaxşı şərait yaradır. Bu da seçimimdə mühüm rol oynadı.
– Kamilo Duranla eyni komandada çıxış etmisən. Onun bu transferdə hər hansı rolu oldumu?
– Bəli, oldu. “Qarabağ”ın mənimlə maraqlandığını öyrənəndə Kamilo Duranla danışdım. Ondan klub və şəhər barədə fikirlərini soruşdum. O da hər şey haqqında çox müsbət danışdı. Şübhəsiz ki, bu söhbət qərar verməyimdə mənə kömək etdi.
– “Qarabağ” ötən mövsüm Avropada tarix yazdı. İndi isə heyət yenilənir və klubdan daha böyük uğurlar gözlənilir. Sizcə, bu gözləntiləri doğrulda biləcəksiniz?
– Bu komandanın məqsədi hər zaman daha böyük uğurlar qazanmaqdır. Həm Avropa yarışlarında, həm də Azərbaycan çempionatında ən yaxşı nəticələri əldə etmək üçün əlimizdən gələni edəcəyik. Bunun üçün çox çalışacağıq.
– Azərbaycan çempionatı barədə maraqlandıqda sənə nələr dedilər?
– Bir neçə komanda yoldaşımla danışdım və onlar çempionat haqqında müsbət fikirlər söylədilər. Görünür ki, Azərbaycan çempionatı ildən-ilə daha rəqabətli olur və səviyyəsi yüksəlir. Mən də bunun bir parçası olacağım üçün sevinirəm.
– Qurban Qurbanovla söhbətin oldumu? Azərbaycan futbolunun ən uğurlu məşqçisi sənə necə təsir bağışladı?
– Baş məşqçimiz bizimlə daim söhbət edir və inkişaf etməyimiz üçün dəyərli məsləhətlər verir. Buraya gəldiyim ilk gündən hiss etdim ki, ondan öyrənəcəyim çox şey var. Əminəm ki, onun rəhbərliyi altında futbolçu kimi daha da inkişaf edəcəyəm.
– Son illərdə Portuqaliya liqalarından Azərbaycana gələn futbolçuların sayı artıb. Burada əvvəldən tanıdığın başqa futbolçular varmı?
– Bəli, son illərdə Portuqaliya çempionatından Azərbaycana çoxlu futbolçu gəlir. Bu da göstərir ki, Azərbaycan çempionatı sürətlə inkişaf edir və futbolçular üçün cəlbedici məkana çevrilib. Burada çıxış edən daha üç-dörd futbolçunu tanıyıram. Onlardan ikisi ilə eyni komandada oynamışam.
FƏRİD
