“Araz-Naxçıvan” ciddi problemlə üzləşib. Muxtar respublika təmsilçisi vidalaşmaq istədiyi iki oyunçu ilə müqaviləni poza bilmir.
Futbolinfo.az xəbər verir ki, problem yaradanlar Patrik Andrade və Şarl Bolidir. Hər iki yarımmüdafiəçi klubun anlaşmaya qarşılıqlı razılıqla xitam vermək tələbini rədd edib. 10-dan çox oyunçu ilə yolları ayıran naxçıvanlılar bu iki legioneri də yola saldıqdan sonra yeni komanda qurmaq niyyətindədir. Amma Andrade ilə Bolinin getmək istəməməsi baş məşqçi Cavid Hüseynovun planlarını pozur.
Məsələ ondadır ki, Andrade növbəti mövsüm 350, Boli isə 250 min avro maaş almalıdır. Bu, bir milyon manatdan artıq vəsait edir və demək olar, AFFA tərəfindən dövlət yardımının yarısına bərabərdir. Klubun əlavə gəliri olmayacağından, mövsümü 2,5 milyon manatla başa vurmalıdır. Lakin sözügedən futbolçularım məvacibi bütün planları pozur.
İndi klub rəhbərliyi sözügedən oyunçular üçün klub axtarışına çıxıb. Hər iki oyunçu yalnız bu məbləği qazanacaqları yerə gedəcəklərini bildirib. Amma müştəri tapılmadığından “Araz-Naxçıvan”ın yeni transferləri də ləngiyir. Həm Andrade, həm də Boli güzəştə getmək niyyətindən uzaqdır.
Bütün bunlar ötən mövsüm komandanın “yüklənməsinin” nəticəsidir. Futbolçulara dəyərindən artıq pul verilib, uzunmüddətli müqavilələr bağlanıb, indi pul qurtaranda isə onlar artıq yükə çevrilib.
P.S.: Premyer Liqaya gəldiyi gündən Bakıda məskunlaşan “Araz-Naxçıvan” belə pulları çox havaya sovurub. Ona görə də komanda doğma məkanına qayıda bilmir. Halbuki qeyd etdiyimiz vəsaitlə Naxçıvanda hətta yeni stadion da tikmək olardı.
