İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisi aktivindəki medalların sayını yeddiyə çatdırıb.
Futbolinfo.az xəbər verir ki, Sadiq Məmmədov (-73 kq) finala qədər uğurla irəliləyib. Cüdoçumuz həlledici görüşdə Bolqarıstan təmsilçisi İvan Nikolçevə məğlub olaraq Avropa çempionatının gümüş medalına layiq görülüb.
İlkin Qarayev (-66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Hinek Şvetsə qalib gələrək, bürünc medal qazanıb.
Xatırladaq ki, yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (-40 kq), Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) gümüş, İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) isə bürünc medala yiyələniblər.
