“Keçmişinə kəc baxanın gözlərinə qan damar”. Nankorluq bizə yad olsa da, gəlin, etiraf edək ki, bir qədər unutqanlıqdan əziyyət çəkirik. Tariximizin elə dövrləri var ki, onları görməzdən gəlirik, şəxsiyyətləri diqqətdən kənarda saxlayırıq.

Bu, futbolumuzda da belədir. Məsələn, Azərbaycan çempionatlarnın ən məhsuldar oyunçusu Nazim Əliyev bizim canlı tariximizdir. Onu yada salan varmı? Təəssüf ki, çox az adamın yadına düşür. Amma Nazim müəllim həmişə mənim yadımda olub. Sadəcə, xəstəlikdən əziyyət çəkdiyinə görə onu narahat etmək istəmirdim. Amma yada salmamaq daha böyük günah olardı deyə, futbol tariximizin bir nömrəli qoleodonu ziyarət etməyi özümə borc bildim.

– Harada dünyaya gəlmisiniz? Əsliniz haradandır?

– Mən Füzulidənəm. Orada doğulmuşam və orta məktəbi oxumuşam. O vaxt SSRİ-də uşaq və yeniyetmələr arasında təşkil olunan “Dəri top” turnirində Füzuli komandası ilə birinci yeri tutduq. Bundan sonra futbola ara verməli oldum. İdman müəllimimiz ailəmə müraciət etdi ki, Nazim yaxşı hücumçudur, icazə verin futbol oynasın. Atam cavab verdi ki, oğlum instituta daxil olmalıdır. Mən də dedim ki, oxumayacağam, halbuki qiymətlərim yaxşı idi. Elə alındı ki, Bakıya imtahan vermək üçün gedəcəkdim, qatar axşam əvəzinə səhərə yaxın gəldi. Qardaşıma söylədim ki, gündüz yol gedə bilmərəm, ürəyimin bulanır. Evə qayıtdıq. Atam bizi görüb bir dəfə Əhməd Ələsgərovla bir qatarda getdiyini xatırladı. O, futbolda intizamın çox sərt olduğuna, oyunçuların hətta xeyir-şər işlərinə də buraxılmadığına görə məni bu idman növünə aparmaq istəmədiyini dedi. Hərçənd Əhməd müəllimlə arası yaxşı idi. Amma təkid etdim, atamdan ona zəng etməyini istədim. Əhməd müəllim telefonda atama cavab verdi ki, yanvarda təlim-məşq toplanışları olacaq, oğlunu gətir, yoxlayaram. Gəldim, oyunumu izləyib söylədi ki, qabında nəsə var, lakin hələlik böyük futbola hazır deyil. Əhməd müəllim mənimlə açıq danışdı. Mən də hər gün məşq etməyə başladım. Həmin vaxt Anatoli Banişevski “Neftçi”də məşqçi kimi təcrübə keçirdi. O, məşqlərdən sonra qaldığımı görüb bəzi şeyləri öyrətməyə başladı. Məsələn, cinah asmalarından gələn topu baş zərbəsiylə qapıya göndərməyi. Ümumiyyətlə, bir sıra elementləri doğru yerinə yetirmədiyimi başa saldı. Əvvəllər hələ orta məktəbdə oxuyanda uzaq məsafədən zərbələrim güclü idisə, artıq “ikinci mərtəbə”də oyunumla seçilməyə başladım. 1982-ci ildə Soçi təlim-məşq toplanışındaydıq, mən də əvəzedici heyətdəydim. Əsas komandaya 2:6 hesabıyla məğlub olsaq da, hər iki qolumuzu başla mən vurdum. Beləcə böyük futbola başladım.

– Atanızın Əhməd Ələsgərovla tanışlığı barədə bir qədər ətraflı danışa bilərsiniz?

– Əhməd müəllim Naxçıvanda işlədiyi dönəmdə qatarda tanış olmuşdular. Çünki Füzuliyə gedən qatarla eyni idi. Oturub çörək kəsiblər, yol boyunca futboldan, bu idman növündə çətinliklərdən danışıblar. Münasibətləri yaxşı olsa da, mən komandaya gələndə gördük ki, bu, heç bir rol oynamır. Yəni ki, mənə hansısa güzəşt edilmədi.

– “Neftçi”yə gələnə qədər məşqçiniz, sizə futbolu sirrlərini öyrədən kim olub?

689c2d91addf160 - Futbolinfo.az

– Əziz Əliyev və Vəkil Nağıyev. Əsas məşqçimiz Vəkil müəllim idi. Əziz müəllim isə “Neftçi”də qapıçıların məşqçisi idi, gəlib ona kömək edirdi.

– Hücumçu mövqeyində oynamağınız öz istəyiniz olub, yoxsa məşqçilər sizdə bu potensialı görmüşdü?

– Öz istəyim olub. Ancaq əvvəl qapıçı kimi başlamışam. Topum var idi, stadionunun kənarında oynayırdım. Aşağı yaş qrupu komandasının isə topu yox idi, məndən xahiş edirdilər. Mən də bir şərtlə razılaşırdım ki, qapıda dayanım (gülür). Düzdür, özümü yaxşı tərəfdən göstərdim. Hətta atamdan məni futbola buraxmasını istədilər, o isə icazə vermədi. Bir müddət sonra artıq hücumçu kimi çıxış etməyə başladım.

– “Neftçi”də nə qədər müddət qaldınız?

– 1,5 il. Komandaya bir də 1988-ci ildə Ağasəlim Mircavadovun dəvəti ilə qayıtdım. O zaman da ciddi rəqabət var idi, amma İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovun dövrü artıq başa çatırdı. Həmin il Federasiyalar Kubokunda da 3 oyunda meydana çıxdım. “Kayrat”la 4:4 hesabı ilə bitən matçda qol vurdum. Daha bir dəfə Tiflis “Dinamo”suna səfərdə 3:2 hesabıyla qalib gəldiyimiz görüşdə fərqləndim. Hətta SSRİ Mərkəzi Televiziyasında yayımlanan “Vremya” proqramında adım Moskva “Spartak”ının əfsanəsi Fyodor Çerenkov ilə yanaşı çəkildi. Sonra Sumqayıtdan təklif gəldi. Demişdim ki, hansı klub mənə ev versə, ora keçəcəyəm, çünki evlənməliydim. O vaxt komanda “Vosxod” adlanırdı. Baş məşqçi Tofiq Abbasov gəlib Ağasəlim müəllimlə danışdı. Daha öncə “Vosxod”da oynamışdım, “Neftçi” 1987-ci ildə məni elə oradan aparmışdı. Ağasəlim müəllim mənə söylədi ki, Nazim biz səni evlə təmin edə bilməyəcəyik, komanda 1-ci Liqaya düşür, məsləhətlisi odur ki, gedəsən.

– Əhməd Ələsgərov sizi ilk dəfə “Neftçi”yə gətirəndən sonra “Vosxod”a üz tutmuşdunuz?

– Yox, onda əsgərliyə yollanmışdım. Hərbi xidməti Tiflis, bizim və Ermənistanın SKA klublarında çəkmişəm. Silahlı qüvvələrin komandaları arasında turnir keçirilirdi. Gürcüstan SKA-sı 13 gürcü, 2 erməni, 1 azərbaycanlıdan, növbəti il isə Ermənistan SKA-sı 13 erməni, 2 gürcü, 1 azərbaycanlıdan ibarət heyətlə iştirak etdi. Hər iki halda həmin yeganə azərbaycanlı mən olmuşdum. Lakin əsas heyətdə oynayırdım. Birinci il çox güclüydük, baş məşqçi Telman Əzizov idi. Növbəti il komandanı Tiflis “Dinamo”sunun sabiq forvardı Zaur Kaloyev çalışdırırdı. O dövrdə işlərim yaxşı gedirdi, ancaq Ermənistanda oynamaq mənə ləzz etmirdi. Mənim əvvəldən onlarla və ruslarla aram yox idi. Məsələn, 1988-ci ildə niyə “Neftçi”yə yollandım? “Azərelektroterm”in baş direktoru Yevgeni Protokovets və bütün idman rəhbərlərinin olduğu iclasların birində evlər rus və erməni idmançılara verildi. Mən də əlimi qaldırdım ki, olar bir söz deyim? Söylədim ki, mən ev almaq üçün başımı saraldıb gəlim? Yəni ki, rus olum? O vaxt “Gənclik Bakı”da oynayırdım, “Neftçi”ni də məğlub edirdik.

– Ermənistan SKA-sında 13 erməni və 2 gürcü ilə birlikdə çıxış etdiyinizi bildirdiniz. İrəvanda sizə münasibət necə idi?

– Normal. Heç bir problem yox idi. Hətta baş məşqçiləri evindən yemək gətirirdi. Elə Gürcüstan SKA-sında da vəziyyət eyni idi. Ermənistana məndən başqa Elgiz Məmmədov, Elçin Xudadatov və Eldar Eynullayev də yollandı. Amma onları komandaya götürmədilər. Özlərini elə apardılar ki, sanki biz futbolçuya oxşamırıq. Baş məşqçi otağıma gəlib dedi ki, Nazim təkcə səni götürürəm, o biri 3 nəfər mənə lazım deyil. Mənim göstəricilərimi, əsgərlik vaxtı “Araz-Naxçıvan” və “Xəzər Lənkəran”da oynadığımı bildiyini söylədi. Çünki SKA komandaları 1 aylıq idi, yalnız turnir təşkil olunan dönəmdə olurdular.

– İrəvanda hərbi hissədə qalırdınız, yoxsa sizə ev vermişdilər?

– Mehmanxanada yaşayırdım. Gürcüstanda isə meydançaya yaxın bazaya oxşar bir yerdə qalırdım.

– “Neftçi”dən “Xəzər Sumqayıt”a gəldiniz. Bu komandada 103 oyunda 73 qol vurdunuz: əvvəlcə SSRİ çempionatı zonasında, sonra Azərbaycan Yüksək Dəstəsində. Orada karyeranız necə alındı?

– “Xəzər Sumqayıt”da baş məşqçim əvvəlcə Tofiq Abbasov, sonra Sabir Əliyev olub. 1994-cü ildə bu komandada çıxış etdim, karyeramda ən çox qolu orada vurdum. Ən parlaq dönəmimə təsadüf etdi. Məni bir çox klub dəvət etsə də, getmədim. 1991-ci ildə Əhməd Ələsgərov məni “Neftçi”yə qaytarmaq istədi. Dedim ki, siz məni futbolçu etsəniz də, Sumqayıtda mənə ev verdilər. O da qayıtdı ki, bir evi də mən verirəm, gəl. Lakin getmədim. O vaxt dəyər, sədaqət var idi. Hazırda həmin evin sahibi deyiləm, 2000-ci ildə satdım.

– “Xəzər Sumqayıt”ın üstünlüyü nə idi ki, bu qədər çox qol vururdunuz?

1414407211 nazim eliyev1 - Futbolinfo.az

– Komandada mühit çox yaxşı idi. Həm də Sumqayıt şəhəri Bakıya çox yaxın olduğuna görə, güclü futbolçular ora gəlməyə razılaşırdı. Hətta Banişevskinin özü orada başlayıb, eləcə də “Neftçi”nin bir çox oyunçusu. İndiki “Sumqayıt”la həmin komanda arasında çox böyük fərq var.

– 1994-cü ildə “Neftçi”yə keçidiniz necə baş tutdu?

– O zaman əksər klublar mənə dəvət göndərirdi. Biri maşın, digəri başqa nəsə təklif edirdi. “Neftçi”nin baş məşqçisi vaxtilə birgə oynadığım Vaqif Sadıqov idi. Üstəlik, rəhmətlik Sabir Əliyev məni yanına çağırdı. Dedi ki, Nazim, məndə o imkanlar yoxdur, “Neftçi”də isə sənə hər şeyi verəcəklər, get, pulunu qazan. Bundan sonra ora üz tutdum.

– “Neftçi” karyeranızı necə dəyərləndirərdiniz? 37 matçda 42 qol – başqa sözlə, keçirdiyiniz oyundan çox qol vurmusunuz…

– Orada da hər şey yaxşı idi. İlk mövsümdə çempionatda 3-cü və ölkə kubokunun qalibi olduq. İkinci mövsümdə isə liqada lider idik, matçların 70 faizi geridə qalmışdı. Vaqif Sadıqovu baş məşqçi postundan istefaya göndərdilər. Nəticədə mən də “Neftçi”dən ayrılmaq qərarına gəldim. Ağasəlim müəllimin dəvətiylə “Qarabağ”a üz tutdum.

– Ağdam təmsilçisində isə 29 oyunda 17 dəfə rəqib qapılarına yol tapmısınız. Bu klubda çıxışınızı uğurlu adlandırardınız?

– Orada cəmi 1 il qaldım. Çünki problemlər var idi, komanda məcburi köçkün həyatı yaşayırdı. Düzdür, mənim üçün fərqi yox idi, çünki Sumqayıtda evim vardı, ancaq yenə də… İstənilən halda, “Qarabağ” da öz “Qarabağ”ımızdır. Oynadıq, hara kimi lazım idisə, kömək etdik.

– “Dinamo”ya necə keçdiniz?

– Səttarxan adına Maşınqayırma zavodunun direktoru mərhum Əyyam Musayev və Nizami Qocayev bu kluba rəhbərlik edirdi. Onların dəvət ilə ora getdim. 10 matçda 12 qol vurdum. UEFA Kubokuna vəsiqə qazandıq, orada Rumıniyanın “Arceş” klubuna uduzduq: səfərdə – 1:5, evdə – 0:2. Rəqibin heyətində gənc Adrian Mutu, həmçinin Konstantin Barbu kimi futbolçular yer alırdı. “Arceş”in necə yaxşı klub olduğunu görmək üçün infrastrukturuna baxmaq kifayət idi: bazada 8-10 meydançları vardı. Oyunçuları hazırlayıb daha güclü komandalara satırdılar. Sonra mənə “Dinamo”nun baş məşqçisi olmağı təklif etdilər. Buna razı idim, amma bir müddət keçdi və gördüm ki, Ruslan Abdullayev artıq bu postu tutub. Bu məsələyə görə klubda söhbət böyüdü, çünki Nizami Qocayev mənim təyinatıma görə çox dirəşmişdi. Yəqin ki, kimlərsə bunu istəmirdi.

– Karyeranızı 2000-ci ildə “Kimyaçı”da bitirdiniz. 20 matçda 8 qolla yadda qaldınız. Artıq yaş da öz sözünü deyirdi?

– 36-37 yaşım var idi, lakin son oyunumda het-trik edib karyeramı başa vurdum.

– 183 qolla Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardirisiniz…

– Əslində, 184 qol vurmuşam. Rəhmətlik Abbas Zamanov statistikanı aparırdı. Mənə dedi ki, sənin bir qolunu “yeyiblər”. Əvvəl hər yerdə 184 qol göstərilirdisə, sonradan 183 oldu. Söhbətin dəqiq hansı qoldan getdiyi bilinmədi. Mənim üçün elə də vacib deyil, onsuz da siyahıda birinciyəm.

– Sizcə, rekordunuzu kimsə yeniləyə biləcək?

images 4 - Futbolinfo.az

– Bəli. Məncə, bunu bacaran yerli futbolçu olacaq. Yaxşı oyunçularımız var, sadəcə həlledici anda bir də görürsən ki… Məsələn, Ramil Şeydayev yaxşı dönəmində Tailanda yollandı. Halbuki ona böyük ümidlər var idi, qalib oynasaydı… Gedəcəyin klubu da gərək düzgün seçəsən. Ramil ötən ilin sentyabrında “Qarabağ”a qayıtdı. Orada daim oynamayacaqsansa, niyə belə addım atasan?

– Yerlilər arasında hücumçu qıtlığını nəzərə alsaq, yaxın illərdə kiminsə sizin rekordunuzu qıracağına inanmıram. Ancaq bu baş versə, sevinərsiniz?

– Məndən daha əvvəl də bu reallaşarsa, özümü necə hiss edəcəyimi soruşublar. Cavab vermişəm ki, əla. Tərəqqi dövrüdür, rekordumu yeniləsələr, mən də yada düşəcəyəm. Əsas olan budur (gülür). Baxıb deyəcəklər ki, vaxtilə bu qədər qol vuran kimdir? Yeri gəlmişkən, efirlərin birində Samir Ələkbərova sübut etməyə çalışırdılar ki, çempionatda 100 qol həddinə çatan ilk futbolçudur. O da demişdi ki, xeyr, bunu edən Nazim Əliyev olub.

– Sizə, futbol tariximizə, çempionatımıza biganəliyi nə ilə əlaqələndirərdiniz?

– Bilirsiniz, hər şey dəyişib. “Neftçi”nin meydanda canını qoyan o qədər əfsanəvi futbolçusu qala-qala, yazıçı Müşahidə Şurasının sədri seçilir, özü də böyük maaşa. Düzdür, indiki dövrdə veteran oyunçuların sözü də keçmir, çünki belə insanlara hörmət qoymurlar. Futbolumuz onların sözü ilə irəli gedə bilər. Hər yerdə belədir – klubların rəhbərləri sabiq oyunçular arasından seçilir. Bizdə isə əksəriyyəti futbolun nə olduğunu da bilmir.

– 3 dəfə – 1992, 1994/95 və 1997/98 mövsümlərində Azərbaycan çempionatının ən yaxşı bombardiridi olmusunuz. Amma milli karyeranız alınmayıb. Bunun səbəbi nə olub?

– Birincisi, həmin dönəmdə əsas diqqəti müdafiəyə ayırırdıq. İkincisi, Nazim Süleymanov və Vəli Qasımov kimi hücumçularımız var idi. Onları kənarda saxlayıb məni buraxmırdılar. Yığmada mənə nə vaxt şans verilibsə, öz oyunumu göstərmişəm. Məsələn, Gəncədə Gürcüstan millisinə 1:0 hesabıyla qalib gəldiyimiz matçda 20 dəqiqə meydanda olmuşam. Bir az çox oynasaydım, qol da vuracaqdım. Çünki qol hissiyatım güclü olub. Futbolçular var ki, 10 ilə idman ustası adını alır, mən bunu 3 oyuna aldım, lakin vermədilər.

– Niyə?

– Bəzi insanlar bunu istəmirdi. İclasda “mən ev almaq üçün başımı saraldıb gəlim” ifadəsini işlətməyim kimlərəsə təsir etmişdi. Hətta o vaxt bir ay məni kənarda saxladılar. Baş məşqçi mənə söylədi ki, Nazim, bilirəm ki, haqlısan, həqiqəti danışırsan və düz edirsən, ancaq belə adamların yanında o sözləri deməzlər. Xəbərdarlıq etdi ki, məni kənarlaşdıracaq və heç yerə getməməyimi istədi. Bir aydan sonra məni çağırıb oynamaq istəyib-istəmədiyimi soruşdular. Cavab verdi ki, oynamağıma imkan verirsiniz ki? Dedilər ki, sabahdan əsas heyətə qayıdırsan. Gürcüstana getdik, orada da qol vurdum.

– Hamıdan çox qol vurmağınızın səbəbi istedadınız, yoxsa zəhmətinizin nəticəsi olub?

– Müasir futbolda da 3-5 metr məsafədən topu qapıya göndərməzdən əvvəl onu saxlamağa çalışan hücumçular görürəm. Bu, gülüncdür. Topu lazımi yerə yönəlt, qol olacaq. Hissiyyat, mövqe seçimi mütləqdir, bunlarsız qeyri-mümkündür.

– İndiki yerli hücumçuların problemi nədədir? Hansı çatışmazlıqları var?

– Mənə bu sualla müraciət etmişdilər. Dedim ki, bizim güclü hücumçularımız haradan olsun? Limitin ləğvindən sonra ümumiyyətlə məsələ bağlandı. Hansı komandamızda yerli hücumçu oynayır? Bircə “Qarabağ”dakı Musa Qurbanlıya böyük ümidlər bəsləyirəm. Güclü forvarda çevrilə bilər, həm də ailələrində bu var. Həm əmisi Musa, həm də atası Qurban güclü hücumçular olub. Ancaq yerli oyunçulara daha çox güvənmək lazımdır.

– Uşaq futbolunda yetişdirilməkdə problem var?

339116660 1397161454432092 4759349988244887971 n - Futbolinfo.az

– Yox. Tutaq ki, futbolçu yetişib 17-19 yaşa gəldi. Bəs sonra necə olacaq? Legionerlə rəqabətdə qalib gələ bilməz axı, çünki təcrübəsi yoxdur. Belə olan halda, özünü hara göstərəcək? Legioner limiti yenidən tətbiq olmayana qədər düzəlməyəcək. Avrokuboklarda daha yaxşı nəticələr göstərə bilərik, amma bu, kimə lazımdır? Əvəzində milli geriləyəcək. Ölkədə futbolun ən birinci göstəricisi yığmadır. Sonra isə xaricdə çıxış edən oyunçular.

– Bəli, məsələn, qonşu Gürcüstanın futbolçusu Xviça Kvaratsxeliyada PSJ-nin formasını geyinir, ölkəsindən söz etdirir. Atası Badri ilə münasibətləriniz var idi?

– Oynadığım vaxt yox, lakin daha sonra yarandı. Oğlum Elgiz yığma ilə ora getdi, zəng gəldi, Badri ilə heç nə olmamış kimi danışdıq. Halbuki illər əvvəl aramızda xoşagəlməz hadisə yaşanmışdı. Badri ilə bir mövsümdə bombardirlər yarışında mübarizə aparırdıq. Mən ondan 3 qol çox vurmuşdum. Badri də çox güclü hücumçu idi. O, jurnalistə demişdi ki, lap mən 3 qol vursam, Nazim 4-nü vuracaq. Oyunların danışılmış xarakter daşımasına eyham vurmuşdu. Bu sözləri xoşuma gəlməmişdi. Cavab vermişdim ki, mən Tiflis “Dinamo”sunun qapıçısı Otar Qabeliyaya qol vuranda Badri hələ qənddandan qənd oğurlayırdı. Daha bir maraqlı əhvalatı danışım. “Kəpəz”in sponsoru olan Rza müəllim mənə açıq şəkildə söylədi ki, Badri hazırda bombardirlər siyahısında səndən bir top irəlidədir, bu qolu da özü vurmayıb, mən yazdırmışam. O dövrdə belə şeylər edirdilər. “Dinamo”nun rəhbəri Nizami Qocayev bundan xəbərdar oldu, komandaya dedi ki, bu oyunda hamı Nazimin qollar vurması üçün çalışsın.

– Ağasəlim Mircavadovun çalışdırdığı və Badrinin də çıxış etdiyi “Şəmkir”ə keçmək ehtimalınız olub?

– Yox.

– Futbolçu kimi ölkə xaricindən sizə təkliflər olmuşdu?

– İsraildən dəvət almışdım. Şahin Diniyevin üz tutduğu komanda məni də istəyirdi. Bakıya gəldilər, danışıqlar apardıq, iş həll olunmuşdu. Sadəcə növbəti gün “yox” cavabını verdim. Oğlum yenicə dünyaya gəlmişdi, fikirləşdim ki, İsrailə niyə gedim? Onsuz da ortada böyük pullar yoxdur, evimdə dolanıram. Bu gün də 6 il işləməsəm də, acından ölmürəm ki. Sonra 1992-ci ildə İranın “Traktor” klubundan təklif aldım. 2000-ci ildə isə Məşhəd təmsilçisi məni istədi. Orada cəmi 6 gün qaldım, ürəyim sıxıldı. Bilirsiniz, Məşhəd bir az çətin, dini şəhərdir.

– Məşqçi kimi 2003-04-cü illərdə Şahin Diniyevlə birgə “Qarabağ”da işləmisiniz. Sonra “Şəfa” və “Ədliyyə”də baş məşqçi çalışmısınız. Ardınca U-21-də baş məşqçi, U-19 və əsas millidə köməkçi olmusunuz. Sonra “Olimpik-Şüvəlan”da məşqçi, “Terek”də yenidən Şahin Diniyevin köməkçisi işləmisiniz. Ardından “Neftçi”nin əvəzedicilərinə və İranın “Rah Ahan” komandasına başçılıq etmisiniz. Ümumən məşqçilik fəaliyyətinizi necə qiymətləndirərdiniz?

– Ən son iş yerim “Şahdağ” olub, amma orada adım gedib. Lisenziyam var idi, Elnur Abdullayev isə mənim tələbəm olub, kömək etməyimi xahiş etmişdilər. O, texniki zonada dayanırdı, mənim isə adım yazılırdı. Məşqçilik karyerama gəlincə, Mahir Şükürovu Sumqayıtda üzə çıxarmışam. Hətta bəzən özümü onunla əvəzləyirdim. Böyük danışmaq kimi çıxmasın, çox futbolçuya yaxşılıq etmişəm. Lakin yaxşılıqlar yadda qalmayıb, unudulmuşam.

– Çalışdırdığınız komandalar nəticələr planında necə idi?

– U-21 millisində normal idi, Türkiyə kimi rəqibi, lap yoldaşlıq oyunu olsa belə, məğlub etdik. Özü də həm AFFA-nın prezidenti Ramiz Mirzəyev, həm də türkiyəli həmkarı matçı izləyirdi. Açığı, çətinliklə qələbə qazandıq, ancaq böyük nailiyyət sayılırdı. Əsas komandalar 1:1 hesablı heç-heçə etdi, biz isə qalib gəldik. Bəziləri narazı qaldı ki, oyun yoxdur, amma belə olsaydı, nəticə qazanmazdıq.

– Oğlunuz Elgiz Kərəmlinin məşqçilik fəaliyyəti və potensialını necə dəyərləndirərdiniz? “Şəfa”ni elitaya yüksəltsə də, komandadan göndərildi.

– Düzü, oğlumun iş prinsiplərinə qarışmıram. Nə edibsə, baxıram ki, düzgün yoldadır. Əsas doğru yolu seçməkdir. Bəxtin gətirər, ya yox – bu, artıq qismətdir. Gördüyünüz kimi, adi telefon işlədirəm – internetim və vatsapım yox, təkcə zəng gəlib, zəng getsin. Buna görə də Elgizin məsələsini dərindən bilmirəm. Lakin bir xeyli insan mənə danışıb ki, mətbuat və azarkeşlər arasında oğlumun işini yüksək dəyərləndirirlər. Bu, faktdır, o, hədəfin öhdəsindən gəldi. “Şəfa”dan göndərilməsinə gəlincə, məncə, klub tələsdi. Bu qərardan əvvəl mənə jurnalistlərdən biri sual vermişdi, ancaq o vaxt Elgizin ayrılacağını bilmirdim. Çünki Əfran İsmayılov və rəhbərlikdə yer alan başqa insanlarla münasibətlərim yoxdur. Bu gün Əfran çıxıb deyir ki, Elgizin təcrübəsi yoxdur. Sən özün vitse-prezident postunu tutursan, təcrübən var? Təcrübə toplamaq üçün işləmək lazımdır. Elgiz vəzifəsinin öhdəsindən gəldi, komanda 1-ci Liqada çempion oldu. Kim bilir, bəlkə Premyer Liqada da kifayət qədər yüksək yerlər uğrunda mübarizə aparacaqdılar?

– Elgizlə bağlı qərarın Əfran İsmayılovun “Şəfa”ya təyinatından sonra verildiyini düşünürsünüz?

– Əfran müsahibəsində deyib ki, yeni baş məşqçini o gətirib. Yeri gəlmişkən, Zaur Həşimov da mənim tələbəm olub. Necə məşqçi olduğunu deyə bilmərəm, amma yaxşı futbolçu idi.

51295932 2441705612567406 759781166361346048 n - Futbolinfo.az

– Elgiz bu xəbərdən sarsıldı? Onunla sözügedən mövzuda danışmısınız?

– Çox sarsıldığını hiss edirəm. Yəqin ki, bu qərarı gözləmirdi. Mən hər şeyi gözləyirdim, çünki daha təcrübəli idim. Baş məşqçinin çamadanı daim əlində olmalıdır.

– Elgiz “Şəfa”dan ayrılandan sonra təkliflər aldı?

– Bəli, çox yerdən dəvət gəldi – həm elita, həm də 1-ci Liqa klublarından. Premyer Liqadakı təkliflər köməkçi məşqçi işləməsiylə bağlı idi. “Kəpəz”lə razılaşmadı, Arif Əsədov gəlməliydi, lakin sonda baş tutmadı. Elgiz hələlik heç bir komanda ilə anlaşmayıb, gözləmə mövqeyindədir, ancaq olmalıdır.

– Özünüz diqqətdən kənar qalmısınız. AFFA-dan və ya hansısa klubdan sizinlə əlaqə saxlayan olur?

– Yox. Belə baxıram ki, məni siliblər. Üstəlik, xəstəliyim var, buna görə işləmək qabiliyyətim o qədər yüksək deyil. Həm şəkərəm, həm qaraciyər serrozudur. Müalicə olunuram.

– Maddi imkanlarınız bunun üçün kifayət edir?

– Yaxşı dostlar, qardaşlar, oğlum, qızım kömək edirlər. Təbii ki, xərc çoxdur. Amma həkimlər deyir ki, özümü qorusam, yaxşı olacaq. Öncə 3-5 il yaşayacağımı proqnozlaşdırırdılarsa, indi 10-15 il söyləyirlər. Müalicəm ölkə daxilində gedir. Çox güclü Aqil həkim var, sağ olsun. Əvvəldən mənimlə məşğul oldu və heç bir yerə yönəltmədən sabit vəziyyətdə saxladı. Mən də rejimə riayət edirəm. 6 ildir nə siqaret çəkir, nə içki qəbul edirəm. Hətta pivə içmirəm. Əlbəttə, müəyyən ağrılar olur, başqa cür mümkün deyil. Onsuz da insanın ürəyi birdən dayanır da.

– “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışı fonunda millinin bu qədər zəif çıxışını nə ilə əlaqələndirirsiniz? Millətlər Liqasında D Liqasına düşürük, yoxlama oyunlarında San Marinoya güclə qalib gəlirik, Maltaya uduzuruq…

– Futbolumuzun bugünkü durumunu çox pis qiymətlədirirəm. Görünən dağa nə bələdçi? Hazırkı millimiz çox zəifdir. Əvvəlki dönəmlərdə arada düzəlirdik. Legioner limitinin ləğvi Azərbaycan futbolunu lap aşağıya sürükləyir. Bizə hər şeydən əvvəl yığmamız lazımdır. Özbəkistan millisi dünya çempionatında çıxış edir, biz isə qıraqdan baxırıq. Düzdür, “Qarabağ” avrokuboklarda layiqli mübarizə aparır, ancaq bu da bir yerə qədərdir.

– “Qarabağ”ın uğurunun əsas sirrini legionerlərində, yoxsa Qurban Qurbanovda görürsünüz?

– Baş məşqçidən çox şey asılıdr. Ayrı-ayrı futbolçulardan güclü komandanı formalaşdıran odur. Qurban müəllim məhz ona lazım olan oyunçuları seçir. Onlar onun sistemində özlərini yaxşı tərəfdən göstərir. Başqa kluba gedəndə bu qədər effektiv olmur, bir müddət sonra qayıdıb gəlirlər.

– Ürəyiniz ən çox hansı klubla döyünür?

– “Neftçi”. Çünki bu klubda başlamışam. İkinci yerdə “Qarabağ”dır.

– “Neftçi”nin son mövsümdəki çıxışını necə dəyərləndirərdiniz? Yuri Vernidubun gəlişindən sonra komanda dəyişikliklər hiss olundu…

– Vernidub ona qədər görülən işi davam etdirdi, özü də həmin futbolçularla. Gələndə də demişdi ki, əlinin altında olan heyətlə mövsümün sonuna qədər davam edəcək. Bunu da bacardı, komanda avrokuboklara vəsiqə qazandı. 3-4 yaxşı oyunçu transfer etsələr, Konfrans Liqasında da yaxşı çıxış edə bilərlər. Amma indiki heyətə toxunmamaq şərtilə.

– “Sabah”ın çempionluğu ilə bağlı nə deyə bilərsiniz? Masazır təmsilçisi bu uğurlu çıxışını növbəti mövsümlərdə və avrokuboklada davam etdirə bilər? Ümumiyyətlə, bu layihə haqda nə düşünürsünüz?

– Ölkə futboluna ən birinci ciddi töhfə verən “Neftçi” olub. Xüsusən də bu yaxınlarda dünyasını dəyişən Sadıq Sadıqovun dönəmində. Həmin vaxt “Qarabağ” da “ağ-qaralar”a yaxın dura bilməyib. Sadıq müəllim gözəl kollektiv yaratmışdı. Klub prezidenti məhz belə olmalıdır. O, komandanın içində idi, məşqlərə gəlib futbolçularla danışır, zarafatlaşırdı. İndiki klub rəhbərlərinin yanına getmək istəyəndə isə deyirlər ki, get növbəyə yazıl, nə zaman desək, onda gələrsən (gülür). Belə iş olar? “Sabah” son mövsümdə çox yaxşı çıxış etdi, lakin yeni mövsümdə fərqli mənzərəni gözləyirəm.

– Gələn il “Neftçi”nin 90 illiyidir, “Qarabağ” çox güclü heyət yığır, “Sabah” isə artıq çempionluğun dadını çıxarıb, amma iştah diş altındadır. Növbəti mövsümü necə görürsünüz?

– Çox çətin olacaq. İkinci altılıqda yer alacaq komandalar da ciddi başağrısı olacaq. Birinci və sonuncu yerlərin sahibləri arasında artıq əvvəlki kimi böyük fərq yoxdur. Təki futbolumuz inkişaf etsin, başqa nə istəyirik ki? Xaricilərin gəlib yeyib-içib getməsini istəmirəm. Pulu 5-10 əcnəbiyə verdin, bəsdir də.

– Müasir futbolumuzda yeyinti, haramçılıq kimi problemləri var?

– İndi bilmirəm, amma əvvəl belə olmayıb, çünki hərə öz işinə cavabdeh idi. Həm də bəzi futbolçular hansısa oyunlara pul qoyuluşu edirlər. Bu, əsasən 1-ci Liqada yaşanır. Lakin yüksək liqada da baş verə bilər, niyə olmasın ki?

– “Turan Tovuz”un avrokuboklardan kənarlaşdırılmasına münasibətiniz necə oldu?

– Bu, mənə pis təsir etdi. UEFA-nın qərarından sonra İdman Arbitraj Məhkəməsində (CAS) vəziyyəti dəyişmək çox çətin idi.

TAHİR MİRZƏ

600a06ec 498b 47a8 9432 a53dc14eb366 - Futbolinfo.az
Shares: