Qadın futbolçulardan ibarət “Neftçi” klubunun UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində yer aldığı qrupun oyunlarının yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 1-ci qrupda yer alan Azərbaycan çempionu Yunanıstanda çıxış edəcək.
Təmsilçimiz iyulun 22-də Monteneqronun “Buduçnost” kollektivi ilə Veriya şəhər stadionunda qarşılaşacaq. Qrupun digər yarımfinal cütündə isə həmin gün PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) matçı da eyni arenada baş tutacaq.
Cütlərin qalibləri iyulun 25-də həmin stadionda final görüşündə üz-üzə gələcək. Qalib isə 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
