“Neftçi”nin monteneqrolu sabiq yarımmüdafiəçisi Edvin Kuçun futbolinfo.az saytına müsahibəsi
– “Neftçi”dəki karyeranız iki mövsüm çəkdi. Bakı klubunda daha uzun müddət qalmamağınızın səbəbini necə izah edərdiniz?
– Düzünü desəm, gözləntilərim yüksək idi, amma keçirdiyim çoxsaylı zədələr “Neftçi”də öz keyfiyyətimi göstərməyimə imkan vermədi. Başlanğıcda əməliyyat da keçirdim və bütün bunlar çıxışıma təsir etdi. Bununla mübarizə aparmaq çox çətin idi. Klub haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm və belə böyük bir klubun formasını geyinmək mənim üçün şərəf idi. Amma bəzən hər şey istədiyimiz kimi olmur.
– “Neftçi”nin Konfrans Liqasında ilk rəqibi “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi olacaq. Bu komandalardan hansı “Neftçi” üçün daha rahat rəqib olar? Sizcə, “ağ-qaralar” avrokuboklarda uğurlu çıxış edə biləcəklər?
– Düşünürəm ki, bu iki komandadan hansının rəqib olmasından asılı olmayaraq, “Neftçi” növbəti mərhələyə yüksələcək. “Neftçi”nin çox güclü heyəti var. Onlara uğurlar arzulayıram, ümid edirəm ki, liqa mərhələsinə vəsiqə qazana biləcəklər.
– “Neftçi”nin baş məşqçisi Yuri Vernidubu bir məşqçi kimi necə xarakterizə edərdiniz? Müsbət və mənfi xüsusiyyətləri hansılardır?
– Vernidub hər şeydən əvvəl gözəl insan və çox yaxşı mütəxəssisdir. Onun yanında yüksək səviyyəli məşqçi heyəti var. Onlar əla iş gördülər və “Neftçi”ni yenidən qalib gələn komandaya çevirdilər. Mən kifayət qədər oyun şansı qazanmasam da, bununla bağlı heç bir narazılığım yoxdur. Daha əvvəl də dediyim kimi, zədələr tam potensialımı göstərməyimə mane oldu.
– “Neftçi”dən ayrıldıqdan sonra sabiq komandanız olan “Balkani”yə qayıtdınız. Başqa ölkələrdən və ya Azərbaycanın digər klublarından təklifləriniz yox idi? Nəyə görə məhz “Balkani”yə dönməyi üstün tutdunuz?
– Həm xaricdən, həm də bizim region ölkələrindən çoxlu təkliflər almışdım. Şəxsi səbəblərə görə geri qayıtmağa qərar verdim. “Balkani” ikinci evimdir və karyeramı yenidən canlandıra biləcəyim bir yerə ehtiyacım var idi.
– Azərbaycan Premyer Liqasının səviyyəsi necədir? Liqamızda bəyəndiyiniz və bəyənmədiyiniz cəhətlər hansılardır və gələcəkdə sizi yenidən ölkəmizdə görə bilərikmi?
– Azərbaycanda yaşadıqlarımla bağlı yalnız xoş sözlər deyə bilərəm. Məni çox yaxşı qarşıladılar. İnsanlar olduqca mehribandır, Bakı isə möhtəşəm şəhərdir. Liqanız inkişaf edib, burada çoxlu keyfiyyətli klublar və futbolçular var. Ümid edirəm ki, “Neftçi” yeni mövsümdə çempion olacaq.
FƏRİD
