“Bir müddətdir klubda müəyyən durğunluq var idi. Çünki növbəti mövsümün büdcəsinin formalaşdırılması ilə bağlı problem yaranmışdı. Bu məsələ yoluna qoyuldu və növbəti mövsüm də komandanı çalışdırmağa qərar verdik. İndi əsas diqqətimizi yeni mövsüm üçün güclü komanda formalaşdırmağa yönəltmişik. Fərqli üslubda və fərqli oyun tərzinə malik kollektiv quracağıq. Əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır. Transferlərimizi də buna uyğun həyata keçirəcəyik”.

Bunu Futbolinfo.az-a açıqlamasında I Liqa təmsilçisi “Xankəndi”nin baş məşqçisi Zaur Hacıyev deyib.

Mütəxəssis klubla müqaviləsini bir il də uzatmasından və yeni sponsorlarla aparılan danışıqlardan da söz açıb.

Baş məşqçi bildirib ki, ötən mövsümlə müqayisədə klubun büdcəsində artım olacaq:

“Əvvəllər II Liqada çıxış edərkən investorlarımız var idi və həmin liqa üçün kifayət qədər dəstək göstərirdilər. Amma I Liqada mübarizə aparmaq üçün bu kifayət etmirdi. Buna görə də bir müddətdir danışıqlar aparırdıq. Artıq bir neçə sponsorla razılıq əldə olunub. Hazırda müəyyən büdcəmiz formalaşıb. Düşünürük ki, növbəti görüşlər də müsbət yekunlaşacaq və büdcəmizi daha da artıracağıq. Hələlik sponsorlarla bağlı məlumat verə bilmərəm. Yaxın günlərdə bu barədə rəsmi açıqlama veriləcək”.

Hacıyev yeni mövsüm üçün transferlərə başlandığını da qeyd edib:

“Artıq transferlərlə bağlı danışıqlara başlamışıq. Bir neçə Premyer Liqa təcrübəsi olan, son mövsümü də Premyer Liqada keçirən bəzi futbolçularla danışıqlar aparırıq. Ümid edirəm ki, danışıqlar müsbət nəticələnəcək və transferlər rəsmiləşəcək”.

Baş məşqçi komandanın yay hazırlıq planı barədə də məlumat verib:

“İyulun 20-dən növbəti mövsümün hazırlığına start verəcəyik. İlk təlim-məşq toplanışı Bakıda olacaq. Sonrakı mərhələ ilə bağlı hələ dəqiq qərar verilməyib. Hazırlığın ikinci və üçüncü hissəsini fərqli formatda keçirməyi planlaşdırırıq. Bu müddətdə əsas diqqəti seleksiya işlərinə ayıracağıq. Həmçinin komandamızla müqaviləsi olan və yeni qoşulan futbolçuların fiziki hazırlığını yaxşılaşdırmaq, eləcə də komandanın taktiki modelini formalaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Xankəndi” ötən mövsüm II Liqanın çempionu olaraq I Liqaya vəsiqə qazanıb.

Shares: