“Zirə” UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.
Bu, komandanın UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi “Torpedo”nu məğlub etməsi (3:0) sayəsində mümkün olub.
Bu qalibiyyət ölkəyə 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən “Sabah” eyni töhfəni verib.
Azərbaycan (19,062) hazırda 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.
Xatırladaq ki, UEFA reytinqinə İngiltərə (101.852) başçılıq edir.
