“Zirə”nin qələbəsi sıradan sayılmamalıdır. Gürcüstan təmsilçisi ilə matç hər nə qədər asan keçibmiş kimi görünsə də, böyükhesablı qələbə təkcə rəqibin zəif olması ilə bağlı deyil.
Konfrans Liqasında çıxış edəcəyi son anda bəlli olan “qartallar” yarışa qısa müddətdə hazırlaşdı. Tələsik edilən transferlər, hazırlıq planının dəyişməsi, bütün proseslərin önə çəkilməsi “Zirə”ni də çətin vəziyyətdə qoymuşdu. Lakin Rəşad Sadıqov qısa müddətdə düzgün, kritik qərarlar verməyi bacardı, heyətdə ciddi dəyişikliklər edilsə də, “Torpedo” önünə qismən hazırlıqlı komanda çıxara bildi.
Bir saata bəlkə də cütün taleyini həll edən “Zirə”nin son dəqiqələrdə hesabı qorumağa çalışması həm komandanın ideal formada olmamasından qaynaqlanan fiziki hazırlığın yetərsizliyinin təzahürü idi, həm də cavab görüşünə hesablanan gediş. Qəsəbə təmsilçisi səfərə tam üstünlüklə yollanmaq üçün hesabı qorudu, eyni zamanda Gürcüstanda böyük qüvvə ilə irəli atılacaq rəqibə qarşı taktikanı yoxladı.
Cavab matçında hər şey ola bilər. Amma “Zirə”nin püşkdə bəxtinin gətirdiyini deməliyik. Kutaisililər təmsilçimizdən aşkar zəif rəqibdir. Nə yaxşı ki, bu üstünlüyü 3:0-la taclandırmaq mümkün oldu. İndi soyuqqanlılığı qorumaq, cavab matçını arzulanan kimi bitirib növbəti mərhələyə adlamaq lazımdır.
Böyükhesablı qələbəyə baxmayaraq, “Zirə”nin oyununda çatışmazlıqlar aşkar görünür. “Torpedo” zəifdir, lakin növbəti mərhələdəki rəqib dünən buraxılan səhvləri bağışlamayacaq. Təmsilçimizdə xəttlərarası əlaqə ideal deyil, yeni oyunçuların uyğunlaşma prosesi bitməyib. Üstəlik, hücumda tam anlaşma yoxdur, bitiricilikdə axsamalar var. “Zirə” iki qolu standart vəziyyətdən, birini cərimə meydanındakı qarışıqlıqda, rəqib müdafiəçinin fərdi səhvindən sonra vurdu.
Sadıqov belə üstünlüyü əldən verəcək məşqçi deyil, hazırlığı 3:0-a görə qurub işi Gürcüstanda bitirəcək. Hətta cavab oyununda daha bir qələbə mümkündür. Buna rəğmən, komandanın daha yaxşı olması üçün artırmaq, heyəti daha da gücləndirmək lazımdır. Hazırkı heyət nəinki avrokubok, hətta daxili çempionat üçün də yetərsizdir.
FƏRİD
