“İmişli”dən mənə təklif oldu. Keçirdiyimiz görüş zamanı gələcək planlarla bağlı ətraflı müzakirələr apardıq. Yanaşma və perspektivlər gələcək hədəflərimlə üst-üstə düşdüyü üçün bu klubla müqavilə bağlamaq qərarı verdim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Fərid Nəbiyev deyib.
“Kəpəz”dən ayrılan yarımmüdafiəçinin başqa təklifləri də var imiş: “Amma “İmişli”ni seçməyimin əsas səbəbi klubun yalnız bu günü düşünmədən, gələcəyə hesablanmış inkişaf planı təqdim etməsi oldu. Bu baxış mənim hədəflərimlə üst-üstə düşdüyü üçün seçimimi “İmişli”dən yana etdim”.
26 yaşlı oyunçu yeni mövsümdə komandasının yüksək yerlər uğrunda mübarizə aparacağına inandığını da vurğulayıb: “İmişli”nin bu mövsüm daha yüksək pillələr uğrunda mübarizə aparacağına inanıram. Güclü komandamız və peşəkar məşqçilər heyətimiz var. İnanıram ki, birlikdə uğurlu mövsüm keçirəcək və qarşımıza qoyduğumuz hədəflərə çatacağıq. Zaman keçdikcə hər şey öz qaydasına düşəcək. Addım-addım baş məşqçimizin oyun üslubuna tam uyğunlaşacaq və komandaya daha çox fayda verməyə çalışacağam”.
Sonda futbolçu yeni mövsümdə fərdi inkişafına və komandasına daha çox töhfə verməyə çalışacağını bildirib: “Hər bir yeni dəvət futbolçu üçün özünü sübut etmək baxımından böyük fürsətdir. Mən də əlimdən gələnin ən yaxşısını edərək hər keçən gün daha da inkişaf etmək və klubuma maksimum fayda vermək istəyirəm. Nə qədər çox oyun keçirsən, bir o qədər təcrübə qazanırsan. Mən də daim üzərimdə işləyərək komandaya maksimum fayda verməyə və əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Çox çalışaraq daha çox qol vurmaq və yaxşı oyun nümayiş etdirmək istəyirəm. Ancaq mənim üçün hər şeydən önəmlisi komandanın uğurudur. Bir-birimizə dəstək olaraq, vahid komanda kimi mübarizə aparsaq, qarşımıza qoyduğumuz hədəflərə birlikdə çata bilərik”.
GÜNAY SÜLEYMANOVA
