“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS ilə oyununun favoriti hesab oluna bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə “bayquşlar”ın çalışdırıcısı Valdas Dambrauskas sözügedən oyundan öncə mətbuat konfransında bildirib.

Mütəxəssis sabah səfərdə çətin oyuna çıxacaqlarını bildirib:

“Finlandiyada olduğumuza görə çox şadıq. Bildiyiniz kimi, ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur”.

O, rəqib komandanın çox motivasiyalı olacağını və bütün gücünü ortaya qoyacağını söyləyib:

“Biz də onların mübarizə səviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu oynamalı və ən yaxşı bacardığımız işi görməliyik. Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik”.

Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda keçirilən ilk görüşdə “Sabah” 1:0 hesablı qələbəyə sevinib.

KuPS – “Sabah” matçı sabah, Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda baş tutacaq.

Shares: