Danimarkalı velosipedçi Yonas Vinqeqor bildirib ki, zədə səbəbindən “Tour de France” yarışını yarımçıq tərk etdikdən sonra sloveniyalı rəqibi Tadey Poqaçar ona dəstək mesajı göndərib.
“Yarışdan çıxdıqdan sonra mənə mesaj yazdı. Buna həqiqətən sevindim. Mənim haqqımda düşündüyünə görə çox məmnun oldum. Rəqabətimizin bu cür inkişaf etməsi də xoşdur. Son bir neçə ildə münasibətlərimiz daha dostyana xarakter alıb” – deyə Vinqeqor bildirib.
Xatırladaq ki, “Tour de France” veloturunun 15-ci mərhələsində Vinqeqor digər velosipedçilərlə toqquşduqdan sonra mübarizəni dayandırmağa məcbur olmuşdu. Müayinələr nəticəsində onun körpücük sümüyünün sındığı müəyyən edilib. Hadisə baş verən vaxt danimarkalı idmançı ümumi təsnifatda ikinci pillədə qərarlaşmışdı. Nüfuzlu yarışın qalibi isə Poqaçar olub. O, ümumilikdə 5 dəfə Fransada keçirilən velomarafonda çempionluğu bayram edib. Vinqeqor isə 2 dəfə bunu bacarıb.
