Uqanda Futbol Assosiasiyası ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının qarşıdakı beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşması üçün 3,1 milyon dollarlıq investisiya proqramını təqdim edib.
Futbolinfo.az xəbər verir ki, 112 günü əhatə edəcək hazırlıq proqramı çərçivəsində Afrika, Asiya və Uqandada bir neçə təlim-məşq toplanışı təşkil olunacaq. Kişi və qadın milli komandaları qitə və dünya miqyaslı nüfuzlu turnirlərə hazırlaşacaqlar.
Hazırlıq planına 7 yığma cəlb olunacaq. Assosiasiyanın əsas hədəfləri U-20 millisinin 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq dünya çempionatına vəsiqə qazanmasıdır. U-20 yığması avqustun 24-də Tanzaniyada keçiriləcək Afrika çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
Eyni zamanda Uqandanın U-15 komandası da bu ilin oktyabrında ölkəmizdə keçiriləcək dünya çempionatına qatılacaq.
