“Premyer Liqada 16 illik karyeram olub. İnşallah, bu mövsüm I Liqada çıxış edəcəyəm. Düşünürəm ki, mənim üçün maraqlı və fərqli bir mövsüm olacaq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Slavik Alxasov deyib.
Təcrübəli müdafiəçi əvvəlcə “Araz-Naxçıvan”dan ayrılması barədə danışıb: “İlk növbədə, “Araz-Naxçıvan” klubunun rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ayrılmaq qərarını özüm qəbul etdim və bunu klub rəhbərliyinə çatdırdım. Onlar da məni anlayışla qarşılayaraq qərarıma hörmətlə yanaşdılar və ayrılmağıma razılıq verdilər. Aramızda hər hansı problem yaşanmayıb. Bir daha onlara təşəkkür edirəm ki, seçimimə və qərarıma hörmət göstərdilər.
Son iki ildə “Araz-Naxçıvan”ın uğurları üçün əlimdən gələni etdim. Ümid edirəm ki, haqqlarını mənə halal edərlər. Komanda ilə birlikdə unudulmaz günlər yaşadıq. Klub tarixində ilk dəfə avrokuboklarda çıxış etdik, eyni zamanda Premyer Liqanın bürünc medallarını qazandıq. Düşünürəm ki, “Araz-Naxçıvan”dakı iki illik karyeram mənim üçün uğurlu və yaddaqalan oldu”.
33 yaşlı futbolçu “Səbail”i seçməsinin səbəbindən də söz açıb: “Əslində, mövsüm başa çatdıqdan sonra bir neçə təklifim var idi. Lakin əvvəlcə “Araz-Naxçıvan”da qalmağa üstünlük vermişdim. Daha sonra isə fikrimi dəyişərək ayrılmaq qərarına gəldim. “Səbail”i seçməyim tamamilə şəxsi qərarım idi və bu seçimimdən razıyam. Çünki klubun bu mövsüm üçün qarşısına ciddi hədəflər qoyulub. Rəhbərliklə söhbət zamanı təqdim olunan layihə mənə kifayət qədər maraqlı gəldi. Məhz buna görə də seçimimi “Səbail”dən yana etdim”.
Alxasov yeni komandası ilə bağlı gözləntilərini də bölüşüb: “Komandada kifayət qədər yaxşı heyət formalaşıb. Bunu məşqlərdə də hiss edirəm. Futbolçular böyük əzmlə çalışırlar. Həm komandanın, həm də mənim əsas hədəfim bu mövsüm I Liqada çempion olmaq və növbəti mövsüm yenidən Premyer Liqaya qayıtmaqdır. Rəhbərliklə ilk görüşümüzdə də əsas müzakirə mövzusu məhz bu idi. Komandada rahat işləmək üçün hər cür şərait yaradılıb. İndi isə əsas məsələ hədəfimizə doğru inamla irəliləməkdir. İnşallah, mövsümün sonunda buna nail olan tərəf biz olarıq”.
GÜNAY SÜLEYMANOVA
