Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Departamenti və Hakimlər Komitəsi tərəfindən Oyun Qaydaları və VAR Protokolundakı son dəyişikliklərlə bağlı media nümayəndələri üçün təşkil olunan görüşdə komitənin rəsmisi Rəhim Həsənov jurnalistlərin suallarını cavablandırdı.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis hakimlərin fəaliyyəti, VAR instruktorluğu və yeni layihələr haqqında bunları dedi:

– Hansısa klubun futbolçusuna “yaxşı oynadınız və ya oynamadınız” deməyimiz doğru deyil. Biz də futbolun bir hissəsiyik, heç bir rəsmi qarşılaşma hakimsiz keçirilə bilməz. Ona görə deyilənlərə baxmayaraq, öz hakimlərimizə inanmalı, etimad göstərməliyik. Əlbəttə, yanlış qərarları səhv kimi qəbul edirik. Çıxıb “bundan sonra heç bir xəta olmayacaq” desək, səmimiyyətdən uzaq görünər. Sadəcə bəsit nöqsanlar gözləmirik və ümumiyyətlə, səhvlərin olmasını istəmirik. Yanlışlıqlar olduqda da onların üzərində işləyirik. Klublar futbolçularla çalışdığı kimi, biz də komitə olaraq refərilərlə məşğul oluruq.

– Murad İlqaz bildirdi ki, əsas məqsədlərdən biri VAR-ı təkmilləşdirməkdir. Bu çərçivədə iki nəfərin adı çəkildi. Həmin şəxslər kimlərdir və hansı meyarlara əsasən seçiliblər?
– Komitə rəhbərliyi olaraq ilk tapşırığımız o oldu ki, gələcəkdə öz VAR instruktorlarımız yetişsin. İndi onlar Murad müəllimin yanında çalışır və bu işin incəliklərini öyrənirlər. Operator olmaqla instruktorluq tam fərqli işlərdir. Təcrübəli referilərimizdən Rauf Cabbarov və Cavid Cəlilovu bu işə cəlb etmişik. Zamanla onları VAR instruktoru kimi görmək istəyirik. Hər ikisi ingilis dilini səlis bilir, savadlıdırlar və bu istiqamətdə təşəbbüs göstərirlər. Ona görə də onların üzərində dayanmağı məqsədəuyğun saydıq. Hazırda onları AVAR kimi də təyin edirik.

– Cavid Cəlilovun VAR-da olduğu matçlarda mütəmadi olaraq müəyyən problemlər yaşanır.
– Hazırda 250-dən çox hakimimiz var. Onların arasında nə dostum, nə qardaşım, nə də hər hansı qohumum yer alır. Bütün hakim heyətinə eyni gözlə baxıram və komitə daxilində şəxsi münasibətlərin rol oynamasına imkan vermərəm. Cavidə də, digərlərinə də münasibətim eynidir. Əsas odur ki, bu prosesdən Azərbaycan futbol hakimliyi qazansın. Əgər inkişaf görünməsə, əlbəttə, lazımi addımları atacağıq.

– Hakimlərimizin inkişafı və gənc referilərə şans verilməsi məsələsinə münasibətiniz necədir?
– Bildiyiniz kimi, rəhbərlik tərəfindən “Sabahın Ulduzları” layihəsi təşkil olunub. Bu turnirdə tək gələcəyin futbolçularını deyil, artıq yeni hakimləri də axtarmağa başlamışıq. Komitənin göstərişi ilə həmin liqadakı oyunlara 32 yaşa qədər olan hakimlər təyin edilir. İstəyirik ki, gənc hakimlər təcrübə toplayaraq ön plana çıxsınlar. İlkin mərhələdə xətaların olması təbiidir, əsas məqsədimiz kadr bazasını genişləndirməkdir. İllərdir eyni simaları görməkdənsə, meydanda yeni adların olması vacibdir. Bu turnirdə inspektor raportları da tam fərqli formalaşdırılır, hakimlərin inkişafını qiymətləndirən mexanizm tətbiq olunur. Düşünürəm ki, bu təşəbbüs sayəsində yaxın gələcəkdə ölkənin yüksək səviyyəli yeni referiləri yetişəcək.

– Rauf Allahverdiyevin hakimliyə qayıtmaq ehtimalı varmı? Çünki onun yaxşı VAR hakimi olduğu bildirilir.
– Bu məsələyə hazırda təfərrüatlı cavab verə bilmərəm. Əlbəttə, hansısa hakimi itirmək istəməzdik, lakin bu, sonranın məsələsidir. (Futbolpress.az)

Shares: