UEFA ötən gün Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib. Azərbaycan da əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.

Buna “Sabah”ın ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda Danimarka “Orhus”unu evdə böyük hesabla yenməsi (4:0) şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. Nəticədə cari mövsümdə qazanılan əmsal 2.875-ə yüksəlib. Bunun 1.250 əmsalı “Sabah”ın, 0.750-si “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.437-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Bolqarıstanın 20.437 əmsalı var. Dünən Bolqarıstanın “Levski” komandası “Kayrat”a qalib gəlib, “ÇSKA 1948” isə “Panatinaikos”la əsas vaxtda heç-heçə edib. Bu nəticələrə görə bolqarlar 0.375 xal qazanıb. Bir pillə öndə – 25-ci yerdə qərarlaşan Slovakiyanın ümumi qazancı isə 22,718-ə bərabərdir. Bu ölkənin yeganə təmsilçisi “Çelye” “Ararat”a qalib gəlib və 0.250 əmsalla ölkəyə fayda verib.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.

Shares: