“İlk gündən gözlədiyim kimi, biz daha yaxşı komandayıq. Bunu bu gün meydanda da göstərdik. Düşünürəm ki, Danimarkadakı ilk qarşılaşmada belə ən azı heç-heçə etməyə layiq idik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Timoteuş Puxaç deyib.
27 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Polşalı futbolçu ilk qarşılaşmada da yaxşı təsir bağışladıqlarını bildirib: “Əslində, ilk oyunda da kifayət qədər yaxşı çıxış etmişdik. Bu dəfə isə doğma meydanda oynayırdıq və üstünlüyümüzü daha aydın şəkildə göstərmək istəyirdik. Nəticədə çox yaxşı oyun nümayiş etdirərək 4:0 hesablı qələbə qazandıq və rəqibi darmadağın etdik. Komandanın həm oyun, həm də nəticə baxımından ortaya qoyduğu performansdan çox razıyam”.
Puxaç qarşılaşmaya hazırlıq prosesi barədə də danışıb. O, komandanın öz oyun üslubuna sadiq qaldığını vurğulayıb: “Bu oyuna hazırlığımız əvvəlki qarşılaşmalardan fərqlənmədi. Həmişə olduğu kimi, öz oyun üslubumuza sadiq qaldıq və xüsusi olaraq nəyisə dəyişməyə ehtiyac görmədik. Əsas məqsədimiz topa nəzarət etmək, oyunu idarə etmək və qol vəziyyətləri yaratmaqdır. Hər matça da eyni düşüncə ilə çıxırıq. Rəqibdən asılı olmayaraq, öz futbolumuzu oynamağa çalışırıq. Bu qarşılaşmada da planımız dəyişmədi və düşünürəm ki, meydanda istədiklərimizi böyük ölçüdə həyata keçirə bildik”.
GÜNAY SÜLEYMANOVA
