Britaniyalı pilot və “Aston Martin” komandasının “F1 Academy” proqramının rəhbəri Cess Hokins yaxın illərdə Formula 1-də qadın pilotun yarışacağına əmin olduğunu bildirib.
O, qadınların Formula 1 bolidlərini idarə etmək üçün fiziki cəhətdən kifayət qədər güclü olmadığını düşünənlərlə razılaşmır: “Düşünürəm ki, bunun baş verməsinə hələ bir neçə il var, amma bunun reallaşacağına inanıram. Burada oturub bunun baş verəcəyini düşünmədiyimi desəydim, ikiüzlü olardım. Çünki mən buna həqiqətən inanıram. “Xeyr” desəydim, müdafiə etdiyim hər şeyə zidd çıxmış olardım. Qadınların Formula 1-də yarışmaq üçün kifayət qədər güclü olduğuna tam əminəm. Buna əminəm, çünki özüm Formula 1 bolidində yarış məsafəsinin yarısını qət etmişəm və düşünürəm ki, bütün yarışı başa vura bilərdim. Mən boynumla bağlı problem yaşadım. Boynum həqiqətən çox ağrıyırdı. Amma düşünürəm ki, Formula 1 bolidinin sükanı arxasına ilk dəfə keçən hər bir insan boyunla bağlı problem yaşayır. Bunun qadın olmağımla əlaqəsi yox idi. Üstəlik, bundan əvvəl Formula 2 çempionatında yarışmamışdım. Birbaşa bundan əvvəl Formula 3-də də iştirak etməmişdim. Hətta Formula 1 pilotları belə bir il fasilədən sonra bolidin sükanı arxasına qayıtdıqda, böyük ehtimalla günün sonunda boyunlarında ağrı hiss edirlər. Bunun qadın olmağımla əlaqəsi yox idi. Boynumdakı problem olmasaydı, bütün yarış məsafəsini qət edə bilərdim”.
Xatırladaq ki, Hokins 2019-cu ildə Macarıstanın paytaxtı Budapeşt yaxınlığındakı “Hungaroring” trasında “Aston Martin”in AMR21 bolidinin sükanı arxasında testlər keçirib.
Formula 1 tarixində cəmi beş qadın Qran-pridə iştirak etmək üçün təsnifata çıxmağa cəhd edib və onlardan yalnız ikisi dünya çempionatının rəsmi yarışlarında iştirak edib. Təsnifata çıxmağa sonuncu cəhd edən qadın 1992-ci ildə “Brabham” komandasının heyətində Covanna Amati, dünya çempionatının rəsmi yarışında iştirak edən sonuncu qadın isə 1976-cı ildə Lella Lombardi olub.
