“Qarabağ” yeni transferlərini tezliklə açıqlayacaq. Ağdam klubu iki legionerlə razılıq əldə edib və onların keçidinin rəsmiləşməsi an məsələsidir.
Futbolinfo.az xəbər verir ki, müəyyən təxminlər olsa da, “Qarabağ”ın anlaşdığı oyunçuların adı dəqiq bəlli deyil. Amma yeni gələnlər müdafiə və yarımmüdafiə üçün nəzərdə tutulub. Hətta “pəncərə” bağlanana kimi hücumçu alınması da mümkündür.
Əvəzində “Qarabağ” yalnız Dani Boltla vidalaşmağı düşünür. 27 yaşlı braziliyalının Malayziyanın “Johor” klubuna gedəcəyini dünən xəbər vermişdik. Heyətə düşə bilməyən Jeremi Qnalinin də yola salınması planlaşdırılırdı. Qışda Larnaka AEK-indən transfer edilən 23 yaşlı fransalının satılması və ya icarəyə verilməsi düşünülürdü. Lakin indi vəziyyət dəyişib.
Məsələ ondadır ki, Elvin Cəfərquliyevin zədələnib azı 3 aylıq sıradan çıxması müdafənin sağ cinahında problem yaradıb. Bruno Lanqaya əvəzedici olmadığından, məşqçilər heyəti Qnalini saxlamağı düşünür. Amma bu barədə hələ yekun qərar verilməyib.
