Mövsümün nüfuzlu velosiped yarışı olan “Vuelta”da mübarizə davam edir.
5-ci mərhələdə iştirakçılar İspaniyanın Falsetlə Roketas şəhərləri arasında məsafəni geridə qoyub. Maraqlı mübarizə şəraitində keçən yarışda qalib fotofinişdə müəyyənləşib.
“Visma” komandasının britaniyalı üzvü Mettyu Brennan 173,3 km-lik məsafəni 3 saat 47 dəqiqə 2 saniyəyə qət edərək fəxri kürsünün ən üst pilləsinə yüksəlib. “Red Bull” kollektivinin belçikalı velosipedçisi Yordi Meus mübarizəni ikinci sırada başa vurub. “EF Edukeyşn” komandasında çıxış edən italiyalı Vinçentso Albaneze 3-cü yerlə kifayətlənib.
Keçirilən 4 yarışın 2-də qalib gələn Tadey Poqaçar isə bu dəfə 50-ci yeri tutub. Buna baxmayaraq, sloveniyalı idmançı şəxsi birincilikdə 11 saat 26 dəqiqə 1 saniyəlik göstərici ilə liderliyini qoruyur. Poqaçarın həmyerlisi Primoj Roqliç isə 2-ci yerdədir. “Red Bull” komandasının üzvü hazırda liderdən 3 dəqiqə 21 saniyə geridə qalır. “Movistar” komandasında çıxış edən ispaniyalı Enrik Mas isə 3-cü pillədə qərarlaşıb.
