Ukrayna və Polşa futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etmək variantını nəzərdən keçirir.
“Politico”nun məlumatına görə, bu məsələ Ukraynanın gənclər və idman naziri Matvey Bednı və Polşa mənbələri tərəfindən Qdanskda keçirilən beynəlxalq konfransda müzakirə olunub. Bednı bildirib ki, dünya çempionatının keçirilməsi üçün ən yaxın boş tarixlər 2040-cı illərə təsadüf edir və bu perspektivə indidən hazırlaşmaq lazımdır. O, Ukrayna və Polşanın AVRO-2012-ni birgə keçirməsini xatırladaraq, belə bir turnirin ölkəyə investorların cəlb olunmasına kömək edə biləcəyini vurğulayıb. Hazırda söhbət rəsmi namizədlikdən getmir və təşəbbüsün idman federasiyalarından gəlməsi gözlənilir.
Xatırladaq ki, 2030-cu ildə dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş, 2034-cü ildə isə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.

