Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) 2026-cı il ABŞ Açıq Çempionatının startından əvvəl Nyu-Yorkda keçirilən “DraftKings” pre-turnir tədbirində bir sıra tanınmış tennisçilərin iştirakı ilə bağlı araşdırmaya başlayıb. Bu barədə jurnalist Ben Rotenberq öz rəsmi saytında məlumat yayıb.
Tədbir turnirin əsas mərhələsinin oyunları başlamazdan əvvəl, cümə axşamı günü keçirilib. Gecədə Serena Uilyams, Koko Qauff, Arina Sabalenka, Mirra Andreeva, Teylor Fritz və digər məşhur tennisçilər iştirak ediblər.
Tədbirin təşkilatçısı Mayamidə gecə əyləncələri sənayesi ilə əlaqəli nüfuzlu sahibkar Deyv Qrutman olub. O, uzun müddətdir bir çox tennis ulduzu ilə yaxın münasibətlər saxlayır və Mayamidə, eləcə də digər yerlərdə onlara müxtəlif imtiyazlar təqdim edir.
Sabalenka, Uilyams, Qriqor Dimitrov, Qauff, Andreeva və Eva Lis də daxil olmaqla bir çox məşhur tennisçi “DraftKings” loqolarının qarşısında Qrutmanla foto çəkdirib.
Tədbirdən çəkilən fotolar sosial şəbəkələrdə yayılmağa başladıqdan sonra tennis ictimaiyyətindən bir neçə məlumatçı hadisə barədə idmanda dürüstlüyə nəzarət edən qurumlara məlumat verib. Bu isə ITIA-nın diqqətini cəlb edib və araşdırmanın başlanmasına səbəb olub.
Mənbənin məlumatına görə, tədbirdə iştirak edən tennisçilər “DraftKings” tərəfindən bunun üçün qonorar almayıblar. ABŞ Açıq Çempionatından əvvəl keçirilən və idmançılara birbaşa ödəniş edilən bir çox digər tədbirlərdən fərqli olaraq, tennisçilər Qrutmanla şəxsi münasibətlərinə və tədbirə olan maraqlarına görə gecəyə qatılıblar.
Bununla belə, tennis mərc oyunları təklif edən şirkətin reklam tədbirində tennisçilərin təşkilatlanmış şəkildə iştirakı potensial olaraq korrupsiyaya qarşı qaydaları poza bilər. Bundan əlavə, ITIA idmançılara bukmeyker brendləri ilə əlaqəli tədbirlərdə iştirak edərkən ehtiyatlı olmaları barədə xəbərdarlıq edə bilər.

