Ümumi mükafat fondu 108 milyon dollar olan “US Open” turnirində ikinci mərhələ başa çatıb.
1/32 finalda italiyalı Lorentso Muzetti avstraliyalı Deyn Suini ilə qarşılaşıb. 2 saat 36 dəqiqə davam edən görüş Lorentso üçün uğursuzluqla yekunlaşıb. Hərçənd ki, ilk hissə avropalı tennisçi üçün xoş təsir bağışlayıb – 6:3. Amma fasilədən sonra Muzetti imkanlarından aşağı səviyyədə çıxış edib. O, ikinci bölümdə cəmi 1 geym qazanıbsa, növbəti iki hissənin hərəsində bu göstərici sadəcə 2-yə yüksəlib. Matç ərzində Lorentso 10 breyk imkanı qazanıb və bunların cəmi 3-dən yararlanıb. Suini isə güclü rəqibinin 8 servis cəhdini qırıb.
1/16 finalda Deyn daha bir italiyalı Luçano Darderi ilə qarşılaşacaq.
Çexiyalı Yakub Menşik isə avstriyalı Yuri Rodionovu mübarizədən kənarlaşıdırıb. İlk hissədə rəqibindən 6:3 hesabı ilə üstün olan Yakub fasilədən sonra eyni hesabla uduzub. Amma son iki bölüm tamamilə Menşikin üstünlüyü şəraitində keçib. Bu dəfə 6:2 və 6:3 hesabları qeydə alınıb. İki saat yarım davam edən qarşılaşmada Menşik 14 eys edib və 13 breyk cəhdi ilə yadda qalıb. Buna baxmayaraq, o yalnız 4 dəfə rəqibinin servislərini zərərsizləşdirə bilib.
ATP reytinqində 10-cu sırada qərarlaşan Teylor Frits də bu mərhələni uğurla adlayıb. O, italiyalı Mattia Beluççini asanlıqla məğlub edib. İlk setdə amerikalı tennisçi rəqibinə ümumiyyətlə geym qazanmağa imkan verməyib. Növbəti iki setdə isə Frits Beluççini 6:1 hesabları ilə məğlubiyyətə uğradıb. Oyun ərzində Teylor 11 eys və 8 breyklə diqqət mərkəzinə düşüb.

