Ölkə futbolu

Duran yığmadan dəvət gözləyir: “Uğurumun sirri ailəmdir”

kamilo duran - Futbolinfo.az

“Uğurlu başlanğıcımın sirri ailəmdir. Onlar həmişə məni dəstəkləyiblər. Meydana çıxanda da onlar haqqında düşünürəm”. Futbolinfo.az xəbər verir ki, bunu yay fasiləsində “Qarabağ”dan “Seltik”ə transfer olunan Kamillo Duran Şotlandiya mətbuatına açıqlamasında deyib.

Kolumbiyalı hücumçu “Seltik”də uğurlu start götürməsi və Şotlandiyada avqustun ən yaxşı futbolçusu seçilməsi barədə danışıb: “Çox yaxşı futbolçuların çıxış etdiyi, rəqabətin yüksək olduğu liqada ayın oyunçusu seçildiyim üçün çox xoşbəxtəm. Ümid edirəm ki, bunun davamı gələcək. Bundan yaxşı başlanğıc etmək çətin olardı. Sadəcə, yaxşı çıxışımı davam etdirmək və daha çox qol vurmaq istəyirəm”.

Ötən mövsüm “Qarabağ”ın heyətində Çempionlar Liqasında 5 qol vuran 24 yaşlı forvard növbəti arzusunun Kolumbiya millisinə çağırılmaq olduğunu söyləyib: “Ölkəsinin milli komandasında oynamaq hər bir futbolçunun arzusudur. Ümid edirəm ki, yaxın zamanda mən də həmin fürsəti əldə edəcəyəm. Hələ heç kim mənimlə əlaqə saxlamayıb. Bir neçə günə yekun heyət açıqlanacaq və gözləyirəm”.

Duran Kolumbiyanın ikinci ən böyük şəhəri olan Medelində böyüyüb. Dekabrda orada orta temperatur 22 dərəcə olur. Bu isə onun ötən mövsüm Azərbaycanda yaşadığı soyuq və sərt qışdan, eləcə də Şotlandiyada qarşılaşacağı hava şəraitindən tamamilə fərqlənir. Futbolçu buna da münasibət bildirib: “Azərbaycanda qış çətin keçə bilir. Hava çox soyuq olur və tez-tez yağış yağır. Buradakı hava da müəyyən qədər oxşardır. Amma ailəm yanımda olduğu üçün uyğunlaşmağın mənim üçün problem olmayacağını düşünürəm”.

Qeyd edək ki, Kamilo Duran bu mövsüm “Seltik”in heyətində 8 oyunda 6 qol vurub, 3 assist edib.

Shares: