Müsahibə
"Qəbələ"dən səfərdə xal aldıqsa, "Neftçi" ilə oyunda da problemimiz olmaz"
Topaz Premyer Liqasının 17-ci turunun “Sumqayıt” &ndash…
Topaz Premyer Liqasının 17-ci turunun “Sumqayıt” – “Kəpəz” (3:1) matçından sonra qonaqların yarımmüdafiəçisi Sergey Çernışev futbolinfo.az saytına müsahibə verib:
– Qələbəni necə şərh edərdin?
– Bu oyun bizim üçün çox böyük önəm kəsb edirdi. Turnir cədvəlindəki mövqeyimizi nəzərə alaraq deyim ki, qalib gəlməli idik. Yoxsa sonradan irəliləmək çətin olacaq. Bilirdik ki, “Zirə” bizi qabaqlayıb və onları arxada qoymaq istəyirdik. Şadam ki, məqsədimizə nail olduq.
– Hesabı erkən açmağınız qələbənizdə nə dərəcədə rol oynadı?
– Bu, işimizi haradasa asanlaşdırdı. “Kəpəz” çox çətin komandadı və onlara qarşı oynamaq ağır idi.
– Bəzən istədiyiniz oyunu sərgiləməkdə çətinlik çəkirdiniz…
– Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Heç bir problem olmadı. Çıxıb, rahat oyunumuzu sərgilədik. Öz işimizi gördük və layiqli qələbə qazandıq.
– “Kəpəz” qol vurduqdan sonra hücumlarını daha da gücləndirdi. Bir anlıq görüşün bərabərliklə başa çatacağından qorxmadın?
– Beynimdə bu cür fikirlər oldu. Çünki dünən əvəzedicilərimiz 3:0 hesabı ilə öndə olduğu matçdan yekunda məğlubiyyətlə ayrıldılar. Amma nəticədə biz əvəzedici yox, əsas komandayıq. Hamımız qalib gəlmək istəyirdik. Anlayırdıq ki, daha bir qol buraxsaq, hər şey daha çətin olacaq. Son dəqiqələrdə isə rəqibə heç bir şans vermədik.
– Qış fasiləsindən sonra “Sumqayıt” 3 oyundan 5 xal götürüb. Avrokuboklara vəsiqə şansınız nə dərəcədə realdı?
– Təbii ki, bu, bizim üçün surpriz olar. Bütün komanda bunu çox istəyir. Fasilədən sonra 2 lider komandayla görüşlərdən 2 xal əldə etmişik. Düzdü, qələbə də qazana bilərdik, amma əsas odu ki, xal qazandıq.
– Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız…
– Heç bir oyunda xal itirməməliyik. İstənilən rəqibə qarşı matçdan xalla ayrılmalıyıq. “Neftçi”nin yeni transferlərindən və güclənməsindən xəbərimiz var. Amma təcrübəmə əsaslanıb deyirəm ki, bu qədər çox transfer edib, qısa zamanda oyununu tapmaq olmaz. 2-3 matçla heç nə etmək olmaz. Gərək minimum yarım mövsüm çıxış edəsən. “Neftçi” favorit ola bilər, amma biz əks-hücumda oynayacağıq. “Qəbələ” kimi komandadan səfərdə xal aldıq, yəqin ki, “Neftçi”yə qarşı da problem yaşanmayacaq.
– İllər əvvəl ölkəmizdə çıxış etmisən. İndiki futbolumuzla əvvəlki arasında fərq nədi?
– O vaxtlar mən çox gənc idim. İndi isə təcrübəli futbolçu kimi qayıtmışam. Çempionat mənə maraqlı gəlir.
– 8 klublu çempionat sənə necə maraqlı gəlir?
– Burada çoxlu legioner var və bu qədər əcnəbi futbolçuya baxmaq xoşdu. Məsələn, Dario Federikonun oyununa baxmaq xoşdu. Bundan başqa, “Qəbələ” və “İnter” kimi komandalarda da maraqlı əcnəbi oyunçular var.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”