Martın 18-dən 30-dək Mayamidə keçirilən mötəbər tennis turnirinə 405 448 tamaşaçı qatılıb. Bu, “Masters” seriyasından olan yarış üçün rekord göstəricidir.
2024-cü ildə Mayami kortlarını 395 683 nəfər ziyarət etmişdi. Qeyd edək ki, turnir 1985-ci ildən keçirilir. 2019-cu ildən etibarən oyunlar “Hard Rock Stadium”da baş tutur.
Mayamidə keçirilən turnirin finalında qadınlarda dünyanın bir nömrəli raketkası belaruslu Arina Sabalenka amerikalı Cessika Pequlanı məğlub edib (7:5, 6:2). Kişilərdə isə çex Yakub Menşik “Böyük Dəbilqə” yarışlarının 24 qat çempionu serbiyalı Novak Cokoviçə 7:6, 7:6 hesabı ilə qalib gələrək ilk “Masters” titulunu qazanıb.

