“Zirə” yaxşı oyununu uğurlu nəticə ilə tamamlaya bilsəydi, qitə kuboklarında mübarizə aparan bütün komandalarımızın mərhələ keçməsinə sevinəcəkdik. Amma yeganə zəif bən məhz qəsəbə təmsilçisi oldu. Ötən il pley-offda dayanan “qartallar” bu dəfə Konfrans Liqasına ilk mərhələdəcə vida etdi.

“Qarabağ”ın Çempionlar Liqasındakı uğurundan sonra digər təmsilçilərimizin də mərhələ adlayacağına ümidlənmişdik. İlk oyunlarda heç kimin uduzmaması nikbin olmağa əsas verirdi. “Sabah”la “Araz-Naxçıvan”ın cavab matçına qələbə üstünlüyü ilə çıxması onları daha ön plana çəkirdisə, Bakıda heç-heçə edən “Zirə”nin şansı nisbətən az idi.

Bəri başdan qeyd edək ki, bütün komandalarımız aşağı-yuxarı eyni futbolu sərgilədi. Yekun nəticəni isə rəqiblərin səviyyəsi müəyyənləşdirdi. Aşkar favorit olan “Hayduk” “Zirə”ni üstələdisə, əvvəlki qədər güclü olmayan “Aris” “Araz-Naxçıvan”a boyun əyd, daha az təcrübəsi olan “Petrokub”u isə “Sabah” darmadağın etdi.

Moldovada 2:0 hesabı ilə qalib gələn “Sabah”dan ehtiyatlı oyun gözlənilirdi. Amma bakılılar ilk dəqiqələrdən emosional futbol oynadı, hücumda nicat axtardı. Bunun nəticəsində ilk yarıda 3 topluq fərq yaradan “bayquşlar” işi bitirdi. Lakin bu oyun “Sabah”ın problemlərini də göstərdi. Darmadağına baxmayaraq, təmsilçimizin müdafiədə sıxıntıları var. Ümumi komanda oyunu da zəifdir, Valdas Dambrauskasın üslubunu tam otutmadığı sezilir. “Sabah” matç boyunca sabit oyun sərgiləyə, oyunu idarə edə bilmədi. Sadəcə, Coy-Lens Mikels aşkar səviyyə fərqini ortaya qoydu.

“Araz-Naxçıvan” matça əla başladı. “Aris” Bakıdakı yenilgnin şokunda ikən evdə ardıcıl iki qol buraxdı. Artıq bu üstünlüyü əldən vermək olmazdı. Amma İqor Ribeyronun qırmızı vərəqə alması ilə işlər tərs getməyə başladı. Yunanlar hesabı bərabərləşdirərək avrokubokda azarkeşləri önündə uduzmamaq ənənəsini 58 ilə çatdırdı. Lakin heç-heçə meydan sahiblərini sevindrmədi. Naxçıvanlılar rəqibin güclü təzyiqi qarşısında tab gətirə bildi.

Erkən qol buraxan “Zirə” fasilədən həmən sonra azlıqda qaldı. Ağır zərbəyə baxmayaraq Rəşad Sadıqovun yetirmələri toparlanmağı bacardı. Oyun baxımından xorvatlara yenilməyən təmsilçimiz son saniyələrdə hesabı bərabərləşdirdi. Lakin oyunu penaltilər seriyasına daşımaq mümkün olmadı. “Hayduk” əlavə vaxta standart vəziyyətdən sonra qələbə qolunu vurmağa müvəffəq oldu.

Avrokubokda bir təmsilçimizi itirsək də, klub reytinqi baxımından önəml xallar qazandıq. 3 komandamızın daha irəli getmək şansı var. Debütant “Araz-Naxçıvan” minimum vəzifənin öhdəsindən gəldi, amma daha irəli getmək mümkündür. Səfərdə xüsusilə uğurlu olan “Sabah”ın da pley-offa yüksəlmək şansı var.

AĞA

Shares: