“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Bolqarıstan “Levski”sinin baş məşqçisi Xulio Velaskes komandasının hazırkı durumunu dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Avropa Liqasında Portuqaliya “Braqa”sına məğlubiyyətə baxmayaraq (0:0, 0:1), futbolçularından razılıq bildirib.
Velaskes növbəti rəqib “Sabah” barədə də fikirlərini bölüşüb: “Heyətlə bağlı problemlərimiz var, bir neçə futbolçumuz zədəlidir. Buna baxmayaraq, “Braqa” ilə oyunlar bizdə inam yaratdı. Məğlub olsaq da, komandamızın çıxışı ürəyimizcə oldu. Bir futbolçusunun 25 milyon avroluq qiyməti olan “Braqa” önündə belə çıxış etdiksə, qarşıdakı görüşlərdə də bunu təkrarlaya bilərik. Ancaq unutmayaq ki, Azərbaycan klubu “Sabah” da inkişaf edən, yaxşı futbolçulardan qurulan kollektivdir. Rəqiblərin kimliyindən asılı olmayaraq, həm avrokuboklarda, həm də çempionatda mümkün qədər irəliləmək istəyirik”.
Qeyd edək ki, “Sabah”la “Levski” arasında ilk oyun avqustun 7-də Sofiyada keçiriləcək.






