UEFA Avropa Liqasında “Çelye”dən 6 qol buraxan “Sabah” Kondfrans Liqasında “Petrokub” ilə oyunda qapısında yalnız 1 top gördü. Onda da Valdas Dambrauskasın komandası avtoqolla yadda qaldı.
Komanda bununla müdafiə problemini həll etdimi? Bu suala Moldova klubunun zəif komanda olmasına görə cavab vermək çətindir. Hər halda, “Sabah”ı heç nə ilə təəccübləndirə biımədilər.
Bəs, “Levski” “Sabah”ın müdafiəsinə nə təklif edəcək? Hər halda, onlar güclü “Braqa”dan 210 dəqiqə ərzində yalnız 1 top buraxdılar. “Levski” onları təəccübləndirə bilmədi. İndi görək, bu iki komandanın duelində arxada hansı komanda boşulq verəcək? Taktiki savaş öncəsi “Levski”nin təhlilinə “start veririk”.
“Levski”nin “Braqa” ilə hər iki oyundakı çıxışı, komandanın həm müdafiə, həm də hücum fəlsəfəsini, texniki-taktiki düşüncəsinin sərhədlərini və oyunçuların fərdi keyfiyyətlərini üzə çıxarırdı. Sofiya təmsilçisi bu qarşılaşmalarda rəqibin texniki və kombinasiyalı oyun gücünü nəzərə alaraq əsasən əks-hücum taktikasını seçmişdi. Onlar “Braqa”nın topa daha çox nəzarət edəcəyini əvvəlcədən qəbul etmiş, bu səbəbdən də oyunun böyük hissəsində kompakt və nizamlı müdafiə sistemi qurmağa çalışmışdılar.
“Levski” 4-lü müdafiə ilə oynasa da, cinah müdafiəçiləri yalnız məhdud sayda hücuma qoşulurdular. Bu da riskin minimuma endirilməsi üçün edilmişdi. Xüsusilə sağ cinah müdafiəçisi Aldair Neves tez-tez geridə qalaraq arxa xəttin dayağına çevrilirdi. Mərkəzdə oynayan müdafiəçilər fiziki cəhətdən güclü və hava mübarizələrində etibarlı olsalar da, yerə yaxın ötürmələrə qarşı zəiflikləri bəzən üzə çıxırdı. Onlar “Braqa”nın sürətli pas kombinasiyalarını qırmaq üçün daha çox zonaya deyil, oyunçuya yönəlik təzyiqə üstünlük verirdilər.
“Levski” daha çox ikili dayaq yarımmüdafiəçisi ilə çıxış edirdi və onlar əsasən top qoparmağa, ötürmələri kəsməyə və “Braqa”nın mərkəzə yönəlməsini çətinləşdirməyə çalışırdı. Ancaq bu ikili texniki baxımdan kifayət qədər yaradıcı deyildi, bu da onların hücuma çıxışda zəif görünməsinə səbəb olurdu. Əvəzində cinah oyunçularına uzun ötürmələrlə təkan verilir və sürətli əks-hücumlar qurulmasına cəhd edilirdi.
Hücum xəttində isə “Levski” daha çox tək hücumçu ilə oynayırdı. Malili Mustafa Sanqare fiziki baxımdan güclü, təzyiq altında top saxlamağı bacaran hücumçudur. O, daha çox topu qəbul edib arxadan gələn oyunçulara ötürmə verməklə hücumları yönləndirməyə çalışırdı. “Levski”nin hücumları planlı deyildi, daha çox spontan, əks-hücumlara əsaslanırdı. Özəlliklə “Braqa”nın müdafiə xəttinin arxasına ötürmələrlə səmərəli olmaq istəyirdilər.
Oyunçuların fərdi özəlliklərinə gəlincə, “Levski”nin qapıçısı Svetoslav Vutsov hər iki görüşdə inamlı seyvləri ilə yadda qaldı. Bolqarıstan millisinin qapıçısının çox yaxşı refleksləri var. Yaxın məsafədən endirilən zərbələrdə yaxşı mövqe tutur, eyni zamanda komandasının müdafiədən hücuma keçməsində uzun ötürmələrlə iştirak edir. Mərkəz müdafiəçiləri Kristian Makunla Kristian Dimitrov hava toplarında etibarlı olsa da, ayaqla oyunda və pressinq altında qərarvermədə bir qədər zəifdirlər. “Braqa”nın ön presinqində onlar sıxıntıya düşürdü.
Cinah oyunçuları arasında sol qanaddakılar daha aktiv idi. Radoslav Kirilovun driblinq bacarığı və sürəti “Levski”nin hücumda əsas silahı idi. O, bir qədər arxadan top götürərək hücumu birbaşa yönəldə bilən “Levski”nin nadir oyunçulardandır. Sağ cinah isə nisbətən daha müdafiə yönümlü davranırdı. Mərkəz yarımmüdafiəsində texnikadan daha çox dözümlü, fiziki və təzyiqə dayanıqlı futbolçular yer alıb. Onların əsas məqsədi rəqibin pas yollarını kəsmək və hücumların tempini pozmaq idi.
“Levski” “Braqa”ya qarşı hər iki oyunda daha çox strukturlaşmış müdafiə və sürətli keçid oyununa üstünlük verdi. Onlar topa sahib olmaqdan çox əks-hücumlarda “Braqa”nın açıq qalan arxa zonalarından istifadə etməyə çalışdılar. Bununla belə, texniki baxımdan rəqibdən geridə idilər və bu səbəbdən də topla davranışda və son qərar vermə mərhələsində çatışmazlıqlar müşahidə olunurdu.
Ümumilikdə “Levski”nin “Braqa”ya qarşı strategiyası “təhlükəsiz müdafiə və sürətli əks-hücum” modelinə söykənmişdi. Amma bu yanaşma texniki cəhətdən üstün rəqibə qarşı uzun müddət nəticə gətirmədi. Bununla belə, komanda intizamlı çıxışı, bəzi fərdi özəllik və taktiki dözümlülüyü ilə diqqət çəkdi.
“Levski”nin “Braqa” ilə oyunlarında komandanın ümumi reaktiv taktiki planına baxmayaraq, bir neçə futbolçu fərdi baxımdan oyuna öz damğasını vura bildi. Onların faydalı iş əmsalı təkcə statistik rəqəmlərlə deyil, həm də oyunun gedişatına göstərdikləri təsirlə yadda qaldı.
“Braqa”nın iki oyunun əsas vaxtında “Levski”nin müdafiəsini yara bilməməsinin səbəbi kreativliyinin çatışmaması idi. Topu özlərində saxlayır, bolqarlar da onlara pressinq tətbiq edib irəliləməyə qoymurdular. “Levski” yalnız cinah ötürmələrində problem yaşayırdı. Elə cavab oyununda əlavə vaxtda qolu da elə məhz belə vurdular.
Bu mənada onlara qarşı iki oyunda Coy-Lens Mikelsin üstünə böyük yük düşəcək. Almaniyalı futbolçu cinahla hərəkət edəcəyi halda tez qərar verməli və topu kimləsə paylaşmalıdır. Bu sözü topu özündə saxlayan istənilən “Sabah” futbolçusuna aid etmək olar.
Amma bir məsələ də var: “Braqa”ya qarşı oyunda bolqarlar müdafiədən oynadı. Bunu “Sabah”a qarşı edəcəklərmi? Topu bizə versələr, onların bu taktikasını “top çürütmək”lə yox, təktoxunuşlu ötürmələrlə puç etmək olar. Bunu isə bacarmaq lazımdır. Top onlarda olsa, eyni üslubdan biz yararlanmalıyıq. Çünki Sofiyadakı oyunda “Braqa” onlara təzyiq edən kimi topu itirirdilər. Bu amildən yararlanmaq lazımdır. Görək, “Ludoqorets”dəki fəaliyyətinə görə Bolqarıstan futboluna bələd olan Valdas Dambrauskas “Levski”ni necə çözəcək?
“Sabah”ın müdafiədəki problemlərini nəzərə alsaq, işi çətin olacaq, amma “Levski” keçilməz komanda deyil. “Braqa” sadəcə qol vura bilmədiyinə görə rəqibi “aça bilmədi”. “Sabah” bunu bascarsa, işi asanlaşacaq.
ABBAS






