Yunanıstanın köklü klublarından olan “Aris”i adladıqdan sonra “Araz-Naxçıvan” bu dəfə əhalisi yunan olan Kipr təmsilçisi ilə qarşılaşacaq. Rəqib hamımızın yaxından tanıdığı, tez-tez klublarımızla qarşılaşan Nikosiya “Omoniya”sıdır.

Təbii ki, bu komanda “Aris”lə müqayisədə müntəzəm olaraq avrokuboklarda oynayır. Üstəlk, yaxşı oyunçuları da var. Ötən il “Zirə” ilə oyunlarda bu oyunçuların kəramətini gördük. Bir il müddətində çox da dəyişməyiblər. Amma yeni baş məşqçiləri var. Henninq Berq də “Omoniya”ya yad adam olmadığına görə, yenilənməyə ehtiyacları yoxdur.

“Omoniya” təcrübəyə, nizamlı taktiki sistemə və fiziki hazırlığa söykənən oyun tərzi ilə seçilir. Komanda meydanda idarəçilik və oyunun ritmini əlində saxlamaq bacarığı ilə tanınır. Onların əsas xüsusiyyəti topa sahib olmağı sevmələri və müdafiədən hücuma keçidi tədricən, lakin təzyiqlə həyata keçirmələridir. Berqin rəhbərliyi altında komanda hər zaman topu saxlamağa, meydanın mərkəzindəki rəqibi sıxışdırmağa və cinahlardan dinamik hücumlar qurmağa çalışır. Bu sistem əsasən 4-2-3-1 və ya 4-3-3 düzülüşləri arasında dəyişir.

Qapı “Portu” və “Fənərbağça”dan tanıdığımız braziliyalı Fabiano Freytasa həvalə olunub. Boyu 197 sm olan bu qolkiper hava toplarında və uzaqdan zərbələrdə üstünlüyü ilə tanınır. Kutaisi “Torpedo”su iki oyunda onun qapısına yol tapa bilmədi.

Müdafiə xəttində təcrübə və fiziki güc ön plana çıxır. Mərkəzdə malili Senu Kolibali və Kipr millisinin üzvü Nikolas Panayotu dueti diqqət çəkir. Kulibali həm hava toplarında, həm də sürətli hücumların qarşısını almaqda effektivdir. Panayotu isə soyuqqanlı oyunu və düzgün mövqe seçimi ilə seçilir. Cinahlarda baş məşqçi Berq yunanıstanlı oyunçulara güvənir. Sağ tərəfdə Polşa, Niderland və Qazaxıstan çempionatlarında oynamış sabiq “Olimpiakos”lu Yannis Masuras mübarizə aparırsa, sol tərəfdə daha bir “Olimpiakos”lu Fotsis Kitsios rəqiblərinə başağrı olmağa çalışır. Masurasla müqayisədə Kitsios hücumda daha təhlükəlidir. O, bir qədər sonra haqqında danışacağımız Villi Semedoya kömək etməsi ilə seçilir. Bu cinaha xüsusi diqqət ayırmaq lazımdır. Amma bunun da müsbət tərəfləri var. Hücuma çıxdıqları vaxt o tərəf bir qədər boş qalır. Elmar Baxşıyev buna bir qədər diqqət ayırmalıdır.

Yarımmüdafiədə komandanın beyni rolunu 29 yaşlı kapitan İoannis Kusulos oynayır. O, həm müdafiəyə kömək edir, həm də topu hücuma ötürən əsas keçid rolunu icra edir. Onun yanında Mateo Mariç və ya Karel Eitinq çıxış edir. Mariç daha çox balanslı oyunçu kimi fiziki gücü, Eitinq isə texniki bacarığına görə seçilir. Bu oyunçular rəqibə təzyiq edən və eyni zamanda topu idarə edən bir xətt formalaşdırır. Onların varlığı komandanın mərkəzdə üstünlük qazanmasına xidmət edir.

Hücum xətti isə həm təcrübə, həm də sürət üzərində qurulub. Bu xətdə ən çox diqqət çəkən ad Stevan Jovetiçdir. Təcrübəli monteneqrolu futbolçu həm forvard kimi, həm də hücumun arxasında “10 nömrə” rolu ilə çıxış edir. O, topu saxlayır, ötürmələrlə hücumları təşkil edir və təcrübəsi ilə komandanın lideridir. Cinahlarda Villi Semedu və Loizos Loizu kimi oyunçular var. Semedo fiziki cəhətdən güclüdür, topu saxlaya bilir və driblinqləri ilə fərqlənir. Loizu isə daha gənc və çevik oyunçudur. Onun sürəti və fərdi bacarığı komandanın hücum potensialına rəng qatır. Hücumların qurulmasında braziliyalı Evandronun xüsusi əməyi var.

Püşk atıldıqdan sonra “Omoniya”nın təqdimatını hazırlayarkən, adlarını çəkdiyimiz bəzi oyunçularla sizi yaxından tanış etmişdik. Həm də ki, bu futbolçular ötən mövsüm hazırda “Sabah”ı çalışdıran Valdas Dambrauskasın başçılığı altında “Zirə”yə çətin anlar yaşatmışdı. Xüsusən də Nikosiyadakı oyunda onların nə dərəcədə amansız olduğunu gördük. Görünən kəndə yenidən bələdçilik etmək istəməzdik. Amma Dambrauskasla müqayisədə komandanın norveçli baş məşqçisi Henninq Berq bir qədər fərqli futbol oynadır. Dambrauskas topa nəzarət etməyi sevən mütəxəssisdirsə, Berq bəzən topu rəqibə verib kəskin əks-hücumlara diqqət ayıran mütəxəssisdir. Ona görə “Araz-Naxçıvan” buna bir qədər uyğunlaşmalıdır.

Hazırkı “Omoniya”nın oyun üslubu fiziki gücə hesablanır. Komanda hücuma çıxarkən cinah oyunçularını irəliyə göndərir, ancaq bu zaman mərkəzdəki oyunçular vasitəsilə topun itirilməməsinə xüsusi diqqət yetirir. Əgər top itirilərsə, dərhal pressinqə keçilir. Bu sistemdə əsas yük Kusulos və Mariçin üzərinə düşür. Müdafiədən hücuma keçiddə isə Eitinq və Jovetiç arasındakı əlaqə önəmlidir. “Omoniya” tez-tez cinahlardan qapı qarşısına ötürmələr edir, bu zaman həm hücumçu, həm də arxadan gələn oyunçular bu ötürmələrə yönəlir.

Komanda standart vəziyyətlərdə də təhlükəlidir. Kulibali və və meydanda olduğu halda müdafiəçi Helanderin boy üstünlüyü korner və cərimə zərbələrində istifadə olunur. Jovetiç isə birbaşa qapıya zərbələrlə və topa nəzarətlə bu vəziyyətlərdə fərqlənir.

Bütün bu elementləri nəzərə alaraq, “Omoniya”nın “Araz-Naxçıvan” qarşısında üstünlükləri təcrübə və nizam-intizamlı oyun sistemidir. Ancaq cinahların daha fəal olduğu, mərkəzin tamamilə nəzarətdə saxlandığı bu sistem qarşısında Elmar Baxşıyevin komandasının müdafiə və sürətli əks-hücum taktikası uğur qazandıra bilər. Buna baxmayaraq, “Omoniya” həm fərdi oyunçu keyfiyyətləri, həm də komanda şəklində nizamlı oyunu ilə ciddi rəqibdir. Bir sözlə, bu komandanın hücum “4-lüy”ünü zərərsizləşdirəcəyimiz halda, nəyəsə nail olmaq mümkündür. “Omoniya” güclü komandadır, amma gücü məhduddur, dünya nəhəngi deyil. “Aris”dən daha hərəkətli olsalar da, “yırtıcı” sayılmamalıdırlar.

CAVAD

Shares: