Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, “Qarabağ” səfərdə AZAL-a 1:0 hesabı ilə uduzub.
"AZAL Arena"dakı matçdan sonra saytımızın suallarını cavablandıran Ağdam klubunun makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem məğlubiyyəti belə şərh edib:
– Mövsümün ilk yarısında “Əskişəhərspor”un heyətində 3 matça çıxmışam. Çalışacam ki, “Qarabağ”ın heyətində daha çox oynayım. Əvvəlki formamı qaytarmaq istəyirəm.
– Səncə, “Qarabağ” bu il də çempion ola biləcəkmi?
– Bu haqda indidən danışmaq çox tezdi. Bütün komandalar yaxşı oyun nümayiş etdirir. Dünən “Kəpəz” – “Qəbələ” oyununa baxdım. Meydan sahibləri çox yaxşı oynadı. Çempionluq uğrunda sona kimi mübarizə aparacağıq.
– 10 nömrəni Dani Kintanaya “kapdırdığına” görə peşman deyilsən?
– Xeyr, peşman deyiləm. Meydanda nömrələr oynamır. 
– Yəni “Qarabağ”dan getdiyinə görə, peşman deyilsən?
– Öz istəyimlə getmişdim. Baş məşqçimizlə də məsləhətləşib, razılaşmışdıq. 
– “Əskişəhərspor” səni israrla transfer etmək istəyirdi. Nə baş verdi ki, meydana az çıxdın?
– Hələ ötən il qış fasiləsində komanda məni heyətində görmək istəyirdi. Oraya getdiyim ilk vaxtlarda da əksər hazırlıq oyunlarında meydana çıxmışdım. Sonra nə baş verdiyini mən də anlamadım. Heç kimlə problemim də olmadı. Bütün oyunlara da hazır idim. İlk matçlarda meydana da çıxırdım. Sonradan nə baş verdiyini mən də bilmədim. Sonradan düşdündü ki, orada qalsam, mənim üçün çətin olacaq və dönmək qərarını verdim.
– “Qarabağ”a qayıtmaq təklifi kimdən gəldi?
– Təklif klubdan gəldi. Mən də geri dönməyi çox istəyirdim. Qayıtdığıma görə də xoşbəxtəm. 
– “Qarabağ”dan ayrılanda və indiki Azərbaycan çempionatının səviyyəsində nə kimi fərq hiss etdin?
– Əvvəl də yaxşı idi. Son zamanlar da irəliləyişlər var. Bu sözləri milli komandaya da aid etmək olar. Robert Prosineçkinin gəlişindən sonra yaxşı mənada dəyişikliklər olub. 
– Amma əksəriyyətin fikrincə, maliyyə azaldıqdan sonra çempionatın səviyyəsi bir az düşüb…
– Məncə, belə bir şey yoxdu. Bu sözləri dünən baxdığım və bugünkü oyunumuza əsasən, deyirəm.
ELMAR ABDULLA-ZADƏ
Shares: