Gözlənildiyi kimi, Berti Foqts qarşıdakı seçmə mərhələdə millimizin "sükanı arxasında" əyləşəcək. Məsələ ondadı ki, həm AFFA rəsmiləri, həm də millimizin üzvləri AÇ-2016-nın final mərhələsinə qatılmaq üçün millimizin sona qədər mübarizə aparacağına inanır. Bu barədə bir qədər sonra.
 
Öncə Foqtsun qarşıdakı 2 ildə qarşısına qoyulan şərtlərə nəzər salmaq istərdim. Əlbəttə, onun Premyer Liqanın matçlarını müntəzəm olaraq izləməsi öz yerində. Onsuz da almaniyalı mütəxəssis hər bir yığmanın baş məşqçisi kimi bunu etməliydi. Sadəcə, bu dəfə şərtlər Foqts üçün daha ağırlaşdırılmalıdı. Düzdü, PFL-in prezidenti Ramin Musayev almaniyalı məşqçinin birinci dəstənin oyunlarını izləməli olduğunu söyləməklə bir qədər dərinə gedir. Adama deyərlər, neçə ildi ki, birinci dəstədən elitaya komanda çıxara bilmirsiz, Foqts oradan oyunçu seçəcək? Əlbəttə, almaniyalı çalışdırıcının aşağı dəstənin oyunlarını izləməsi pis olmazdı. Amma bunu etməkdənsə, Foqts boş vaxtlarında stadionda oyununu izləmədiyi komandaların çıxışının videoyazısını izləsin. Foqts məgər bir həftə ərzində turun 5 oyununu izləyə bilməz? Əlbəttə, oyunçuların çıxışına canlı baxmağın yerini heç nə verə bilməz. Amma heç baxmamaqdansa, hər oyunun videoyazısına baxmaq daha məqsədəuyğundu.
 
Bax, Foqtsun qarşıdakı 2 ildə məhz bununla məşğul olacağına əmin deyiləm. Bircə onu bilirəm ki, Foqts güc-bəla ilə canımızın qurtardığı xəstəliyi yenə də canımıza salmaq istəyir.
 
Söhbət təlim-məşq toplanışının sayının və günlərinin artırılmasından gedir. Necə deyərlər, yenidən qayıtdıq daş dövrünə. Dünyanı deyə bilmərəm, amma Avropa ölkələri arasında bunun nəinki analoqu, Bəhram Bağırzadə demişkən, heç "ataloqu" yoxdu.
 
Foqts belə etməklə növbəti dəfə klublara olan inamsızlığını nümayiş etdirdi. Bu, bilirsiz, nəyə bənzəyir? Sanki ana yeni dünyaya gəlmiş övladına süd verdiyi yerdə, nənə uşağı ananın əlindən alıb özü "yemləməyə" çalışır. Gəlin, qəbul edək ki, müasir dövrdə futbolçular məhz klubların övladıdı. Oyunçunu məhz klublar düzgün yolda tərbiyələndirməlidi. Millinin baş məşqçisi də daha tərbiyəli və sağlam futbolçunu yanına çağırıb özü ilə "oppalara aparmalıdı". Amma təəssüf ki, bu müddəalar Azərbaycana aid deyil. Bizdə Berti Foqts yerli futbolçunun həm anası, həm atası, həm nənəsi, həm də babasıdı.
 
Məsələ ondadı ki, belə etməklə Foqts həm də klubların haqqına girir. FİFA-nın təqvim günlərindən kənarda heç bir millinin baş məşqçisi oyunçunu klubdan avara edə bilməz. Amma təəssüf ki, klublarımız narazı olsalar da belə, AFFA-nın çaldığı havayla oynamağa məcbur olur. Kimin ağzı nədi ki, Foqtsun qanunsuz hərəkətlərinə görə FİFA-ya şikayət etsin və ya oyunçunu millinin düşərgəsinə yollamasın? Həmin klubları çalışdıran əcnəbi məşqçilər də "aman Tanrım, mən hara düşmüşəm" deyib arxasınca "şeytana lənət" söyləyərək "pulumu qazanıram da" fikriylə yoluna davam edir.
 
Hə, indi də keçim, yerə-göyə sığmayan iddiamıza. Mətbuata açıqlamasında Azərbaycan millisinin müdafiəçisi Rasim Ramaldanov AÇ-2016-nın final mərhələsinə 24 komandanın yüksələcəyini ön plana çəkərək hər iki qrupda 2 komandanın birbaşa Fransaya yollanacağını, qrup 3-cülərinin isə pley-offda qüvvəsini sınayacağı halda, bizim məhz 3-cü yerdən yapışmaq gücündə olmasını söyləməsi diqqətimi çəkdi. Məsələ ondadı ki, Ramaldanov Portuqaliya, Hollandiya və İspaniya kimi nəhəngləri istisna etsək, ortabablara qarşı oynaya biləcəklərini söyləməklə ümumiyyətlə milləti özünə güldürüb. Görəsən, Ramaldanov "nisbətən zəif rəqiblər" deməklə kimi nəzərdə tutub? İsveç, Rumıniya, Xorvatiya, Yunanıstan və ya Bosniya və Hersoqovina kimi ortababları iki oyunun nəticəsinə görə arxada qoymaq asandı? Adama deyərlər ki, Rumıniya kimi komanda nisbətən zəif komandadısa, bəs onda Azərbaycan millisi hansı çəkiyə malikdi? Deyəsən, Lüksemburqu həm səfərdə, həm də evdə uda bilməməyimizi yadlarından çıxarıblar. Şimali İrlandiyanı məğlub etmək böyük uğur sayılırsa, onda "yaşıllar"ı üstələyən Lüksemburq millisi də böyük uğur qazanıb.
 
Əminliklə söyləyə bilərəm ki, həm Foqtsun qalmasında, həm də yerə göyə sığmayan iddiamızın cücərməsində məhz Şimali İrlandiya yığması "günahkardı". Maykl O""Nilin yetirmələrini Bakıda məğlub edə bilməsəydik, indi biz öz işimizlə məşğul olurduq. Ömründə bir dəfə 4-cü pilləni tutmaq sənin qarşıdakı seçmə mərhələlərdə daha da artıracağından xəbər vermir. Hər yaxşı nəticə gələcək adına nəsə bir qığılcımdısa, bundan öncəki tsikldə 17 xal toplayaraq pley-offa vəsiqə qazanan Estoniya millisi son seçmə mərhələdə Azərbaycandan az xal yığmamalıydı.
 
Foqtsu saxlayırsız, saxlayın, necə deyərlər, öz işinizdi. Amma reallıqla da danışın. Əlbəttə, hədəfsizlikdənsə iddialı olmaq yaxşıdı. Amma iddialı olmaq da məntiqə söykənməlidi. Bu şəraitdə sizin bu arzularınız "1001 gecə" nağıllarının həqiqiliyinə inanmaq kimi bir şeydi. Bizə nə Əlibaba, nə də Sindbad lazımdı. Yorğanımızı ayağımıza qədər uzatmalıyıq. Nə qədər bünövrəsiz ev tikəcəksiz, bir o qədər də əziyyətiniz puça gedəcək. Qarşıdakı iki ildə Foqts 11 xal toplasa, deməli, 13 xal ümidi ilə onu yenidən öz postunda qoruyacaqsız, deyilmi? Yaxşı fikirdi. Belə çıxır, təxminən 30-40 ilə artıq DÇ və Avropa çempionluğuna iddialı olmağımızdan danışarıq. Onda da indi futbolçu olan Tomas Mülleri və ya Bastian Şvaynştaygeri ölkəmizə məşqçi kimi gətirərlər…
 
FƏRİD
Shares: